Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan hərbi prokurorluq orqanlarının 17 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.
Onlardan biri prokurorluq orqanlarından xaric edilib, biri isə tutduğu vəzifədən kənarlaşdırılıb.
Trend-in məlumatına görə, bu barədə Respublika Hərbi Prokurorluğunda mərkəzi aparat işçilərinin, Naxçıvan Muxtar Respublikası və ərazi hərbi prokurorlarının iştirakı ilə keçirilən kollegiya iclasında hərbi prokuror Xanlar Vəliyev deyib.
Hərbi prokuror deyib ki, Baş prokurorun və respublika hərbi prokurorunun müvafiq əmrləri ilə 29 işçi vəzifədə irəli çəkilib, xidməti fəaliyyətlərində fərqlənmiş 77 əməkdaş həvəsləndirilib, 1 işçi medalla təltif edilib, 42 əməkdaşa isə rütbələr verilib.
Ötən il vəzifə borclarını layiqincə yerinə yetirən Hərbi Prokurorluğun 94 əməkdaşına respublika hərbi prokurorunun əmri ilə məharət dərəcələri verilib.