...

Azərbaycandakı bütün əlil şagirdlər siniflərdə keçirilən dərslərdə iştirak edəcək

Cəmiyyət Materials 6 Fevral 2012 15:13 (UTC +04:00)
Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan bütün şagirdlərin siniflərdə keçirilən dərslərdə birbaşa iştirak etmək imkanı olacaq.
Azərbaycandakı bütün əlil şagirdlər siniflərdə keçirilən dərslərdə iştirak edəcək

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan bütün şagirdlərin siniflərdə keçirilən dərslərdə birbaşa iştirak etmək imkanı olacaq. Artıq bu məqsədlə Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin dəstəyi ilə "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində "Elektron Təlimləndirən Sistemlər" layihəsinin həyata keçirilməsinə başlanılıb. Bu barədə bazar ertəsi Trend-ə layihənin icraçısı "Nobel-T" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Salam Əliyev məlumat verib.

Onun sözlərinə görə, layihənin əsas məqsədi məsafədən təhsilin inkişafı, layihəyə cəlb edilmiş xüsusi qayğıya ehtiyacı olan şagirdlərin təhsilalma imkanlarının artırılması, onların kompüter və elektron resurslardan istifadə bacarıqlarının təkmilləşdirilməsi və internetə çıxış imkanlarının yaxşılaşdırılmasıdır.

Artıq layihə çərçivəsində 30 şagird və 13 müəllimə ən yeni proqramlarla təchiz olunmuş noutbuklar təqdim edilib. Dərs prosesinin idarə edilməsi məqsədilə Bakıda müəllimlər üçün ayrılan tədris məkanı yüksək sürətliinternet və intranet bağlantılarla təchiz olunub. Xüsusi qayğıya ehtiyacı olan uşaqların distant təhsilinin inkişafı ilə əlaqədar yaradılmış distant tədris mərkəzinə müəllim və şagirdlər üçün kompüter dəstləri və zəruri şəbəkə avadanlığı təqdim olunub.

Əliyevin sözlərinə görə, yaxın gələcəkdə bu layihə respublikanın digər şəhər və rayonlarını da əhatə edəcək.

Xəbər lenti

Xəbər lenti