...

Azərbaycan bu ildən xaricdə magistr və doktorantların təhsil almasına üstünlük veriləcək

Cəmiyyət Materials 17 Fevral 2012 10:13 (UTC +04:00)
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində bu il xaricə təhsil almaq üçün göndərilənlər arasında daha çox magistr və doktorantlara üstünlük veriləcək.
Azərbaycan bu ildən xaricdə magistr və doktorantların təhsil almasına üstünlük veriləcək

Azərbaycan, Bakı, 17 fevral / Trend müxbir M.Əliyev/

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində bu il xaricə təhsil almaq üçün göndərilənlər arasında daha çox magistr və doktorantlara üstünlük veriləcək. Bu barədə Trend-ə təhsil nazirinin müavini Qulu Novruzov bildirib.

"Bizim marağımız diplomdan sonrakı pillələr üzrə, xüsusilə doktoranturada təhsil alanların xarici ölkələrin ali məktəblərində təhsilini təşkil etməkdir", - Novruzov deyib.

Nazir müavini qeyd edib ki, məqsəd ali məktəb müəllimləri içərisində gənclərin sayını artırmaqdır. "Azərbaycanda ali məktəblərdə professor müəllim heyətinin tərkibinə baxanda orada yaşlaşma getdiyini müşahidə edirik. Ali məktəb pedaqoqlarının içərisində gənclərin sayı çox deyil", - Novruzov bildirib.

Onun sözlərinə görə, keçmiş SSRİ dövründə Azərbaycan hüdudlarından kənarda təhsil almış kifayət qədər pedaqoqlarımız var və onların yeri doldurulmalıdır.

Nazir müavini həmçinin qeyd edib ki, artıq Azərbaycan Dövlət İqtisad Universitetində, Azərbaycan Diplomatiya Akademiyasında, Azərbaycan Dillər Universitetində, Bakı Dövlət Universitetində dövlət proqramı çərçivəsində xaricdə diplomdan sonrakı təhsil üzrə təhsil almış məzunlardan dərs deyənlər var.

Xəbər lenti

Xəbər lenti