...

Ötən il icra xidmətinin 18 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub

Cəmiyyət Materials 17 Fevral 2012 18:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Ötən il icra xidmətinin 18 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə fevralın 17-də nazirlikdə icra xidmətinin yerli qurumları rəhbərlərinin iştirakı ilə məhkəmə qərarlarının icrası sahəsində görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirədə məlumat verilib.

Qeyd edilib ki, Bakı şəhəri Nəsimi, Nizami, habelə Xaçmaz rayonları üzrə 3 icra məmuru kobud qanun pozuntularına və ciddi nöqsanlara yol verdiklərinə görə ədliyyə orqanlarından xaric edilib.

Ədliyyə nazirinin müavini Vilayət Zahirov qeyd edib ki, aparılan islahatlar çərçivəsində məhkəmə qərarlarının icrası işi xeyli yaxşılaşdırılıb, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin qorunması istiqamətində köklü dəyişikliklərə nail olunub, qanunvericilik əsaslı surətdə yenilənib, yeni təsirli icra mexanizmləri tətbiq olunmaqla icra məmurlarının səlahiyyətləri genişləndirilib, xidmətin maddi-texniki bazası möhkəmləndirilib.

İcra baş idarəsinin rəisi, baş icra məmuru Xanlar Zeynalov iclasda 2011-ci ildə görülmüş işlər barədə məruzə ilə çıxış edib.

Qeyd olunub ki, hesabat dövründə icra işinin səmərəliliyinin artırılması üzrə kompleks tədbirlər davam etdirilib, icraatda olan işlərin böyük əksəriyyətinin icrası təmin olunub, kadrlarla işə xüsusi əhəmiyyət verilərək müsabiqədə uğur qazanmış gənc mütəxəssislərin işə qəbulu, əməkdaşların peşəkarlığının və məsuliyyətinin artırılması üzrə təsirli tədbirlər görülüb.

2011-ci ildə icraatda olan 162 mindən çox icra sənədinin 82%-ə yaxını öz qanuni həllini tapıb, qalanlarının qanunvericiliklə müəyyən edilmiş müddətlərdə tamamlanması üçün tədbirlər görülür.

Məhkəmə qərarlarının icrasına maneçilik törədən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 1602 borclu şəxs inzibati məsuliyyətə cəlb olunub, həmçinin 222-si barəsində cinayət işi başlanıb.

İcra sənədlərinin icrası nəticəsində hüquqi və fiziki şəxslərə ödənilən vəsaitin məbləği ötən il 28% artaraq 97 milyon manatdan çox təşkil edib.

İclasda ölkə başçısının korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair tapşırıqları ilə əlaqədar icra sahəsində korrupsiyaya şərait yaradan halların, o cümlədən süründürməçiliyin aradan qaldırılması məsələsinin daim diqqətdə saxlanılması, xüsusilə qaynar xətlərin yaradıldığı, daxil olan şikayətlərin operativ və dolğun araşdırılması, nəticələri üzrə təxirəsalınmaz təsirli tədbirlərin görülməsi vurğulanıb.

Müşavirə zamanı, həmçinin, mövcud problemlər və çatışmazlıqlar, o cümlədən icra məmurları tərəfindən əmək və icra intizamının, etik davranış qaydalarının pozulması halları qeyd edilib, bir sıra yerli icra qurumlarının fəaliyyəti tənqid olunub, bəzi işçilər tərəfindən vəzifə borclarına laqeyd münasibət bəslənilərək icra tədbirlərinin vaxtında həyata keçirilmədiyi, işlərin hərəkətsiz saxlanılması və bunun da vətəndaşların haqlı narazılığına səbəb olduğu diqqətə çatdırılıb.

Sonda xidmətin fəaliyyətinə tələbkarlığın və nəzarətin gücləndirilməsi, tabe qurumlarda mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması, işin səmərəliliyinin artırılması, məhkəmə qərarlarının vaxtında və dürüst icrasına nail olunması üçün konkret tapşırıqlar verilib.

Xəbər lenti

Xəbər lenti