...

Azərbaycanda mart ayında hava şəraiti dəyişkən olacaq

Cəmiyyət Materials 28 Fevral 2012 14:49 (UTC +04:00)
Azərbaycanda mart ayı üçün gözlənilən hava proqnozu açıqlanıb.
Azərbaycanda mart ayında hava şəraiti dəyişkən olacaq

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda mart ayı üçün gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva çərşənbə axşamı Trend-ə bildirib ki, mart ayında keçid dövrünə xas olan hava şəraitinin tez-tez dəyişilməsi gözlənilir.

Nisbətən mülayim günlər soyuq atmosfer cəbhələrinin keçməsi ilə əlaqədar soyuq və yağıntılı günlərlə əvəz olunacaq. Ay ərzində ümumi temperatur rejiminin dəyişkən olacağı gözlənilir.

Belə ki, ayın birinci yarısında temperaturun iqlim normasından bir qədər aşağı, bəzi günlərdə normaya yaxın, üçüncü ongünlükdə isə iqlim normasından yüksək olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasından çox, bəzi yerlərdə isə normaya yaxın olacağı ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 6-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 3-6 dərəcə isti, birinci ongünlüyün bəzi günlərində 0-2 dərəcə isti təşkil edəcək.

Gündüzlər 7-12 dərəcə isti, ayın ilk günlərində 2-5 dərəcə isti, üçüncü ongünlüyün bəzi günlərində 18-23 dərəcə isti gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 20-27 mm) olacağı proqnozlaşdırılır.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 6-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə (norma 22-44 mm) isə normadan bir qədər çox olacagı gözlənilir.

Yuxarı Qarabağ - Xankəndi, Şuşa, Xocalı, Xocavənd; Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperaturun 2-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə (norma 42-52 mm) isə normadan bir qədər çox olacagı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında orta aylıq temperaturun 6-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə (norma 19-27 mm) isə normadan bir qədər çox olacagı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 5-8 dərəcə isti olacağı gözlənilir ki, bu da kiçik mənfi və müsbət fərqlə iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə (norma 38-83 mm) isə normadan bir qədər çox olacagı gözlənilir.

Mərkəzi-Aran - Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 8-10 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə (norma 25-45 mm) isə normadan bir qədər çox olacagı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında orta aylıq temperaturun 5-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, (norma 59-112 mm) bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti