Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda ilk peşə ixtisas təhsili müəssisələrinin məzunlarından təhsilini davam etdirənlərin sayı artıb. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 2010-ci ildə məzunlardan 135 nəfəri təhsilini davam etdirmişdisə, carı ildə bu rəqəm 375 nəfərə yüksəlib.
Ötən il ilk peşə-ixtisas təhsili müəssisələrini 12 637 nəfər bitirib. Bunlardan 11 081 nəfəri təhsilini dövlət hesabına, 1551 nəfəri isə ödənişli əsaslarla başa vurub. Onlardan 4678 nəfəri işlə təmin edilib.
2010-cu ildə işlə təmin olunan məzunların sayı 3670 nəfər olmuşdusa, 2011-ci ildə bu rəqəm artaraq 4678 nəfərə yüksəlib. 2011-ci ildəki məzunlardan 37%-i, yəni 4678 nəfəri işlə təmin olunub, 30,3%-i, yəni 3834 nəfəri həqiqi hərbi xidmətə çağırılıb, 375 nəfəri təhsilini davam etdirib. Nəticə etibarilə, 2011-ci ildə məzunların məşğulluq faizi 70,3% təşkil edib.