Azərbaycan, Bakı, 21 mart /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanın orta məktəblərində şahmat fənnini tədris etmək üçün xüsusi dərslik hazırlanacaq. Bu barədə Trend-ə Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Ağababa İbrahimov məlumat verib.
O bildirib ki, bu ilin yanvarından 75 pilot məktəbdə 5200-ə yaxın II sinif şagirdinə şahmat fənni keçilir. Bu şagirdlərə dərs keçmək üçün 19 saat üçün nəzərdə tutulmuş şahmat üzrə dərs vəsaitindən istifadə edilir. Təhsil naziri Misir Mərdanovun əmri olacağı təqdirdə, gələn tədris ili üçün 32 saatlıq şahmat dərsliyi hazırlanacaq.
Hazırda Azərbaycanda şahmat məktəbləri üçün yeni elektron tədris vəsaiti də hazırlanır.
İbrahimov bildirib ki, ötən il ilk dəfə olaraq şahmat məktəbləri üçün "Şahmat dünyası" multimedia sistemi çap olunaraq bütün şahmat məktəblərinə paylanıb. Hazırda "Şahmat dünyası-2" elektron tədris vəsaiti hazırlanır.