Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir İ.İsabalayeva/
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) dövlət qulluğuna işə qəbul üçün imtahan vermək istəyən 664 nəfərin bu qurum tərəfindən ali məktəblərə keçirilmiş qəbul imtahanlarında iştirak etmədiyini aşkarlayıb. Trend-in məlumatına görə, bunu çərşənbə günü "Tələbə-məzun dövlət elektron məlumat sistemi"nin təqdimatında çıxış edən TQDK sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, müxtəlif idarə, təşkilatlar və nazirliklər tərəfindən TQDK-ya daxil olan məktublar əsasında ali məktəbi bitirdiyini bildirən, lakin TQDK tərəfindən keçirilmiş imtahanlarda heç bir ali məktəbə daxil olmayan 734 nəfər müəyyən olunub.
Abbaszadə bildirib ki, 2005-ci ildən TQDK ali məktəblərin magistratura səviyyəsinə qəbul imtahanları keçirir. Ötən dövr ərzində magistraturaya sənəd verənlərdən 2917 nəfərin TQDK-nın xətti ilə ali məktəblərə qəbul olmadığı aşkarlanıb.
Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ölkə Prezidentinin sərəncamı ilə hazırlanmış "Tələbə-məzun dövlət elektron məlumat sistemi"nin təqdimatını keçirib. Sistemdə 1992-2011-ci illər ərzində ali məktəblərə imtahan vermiş 1 978 226 nəfər haqqında məlumat var.
Azərbaycanda 600-dən çox şəxs saxta ali məktəb sənədi ilə dövlət qulluğuna işə qəbul olmaq istəyib
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) dövlət qulluğuna işə qəbul üçün imtahan vermək istəyən 664 nəfərin bu qurum tərəfindən ali məktəblərə keçirilmiş qəbul imtahanlarında iştirak etmədiyini aşkarlayıb.
