...

Tarixçi: Azərbaycanlılar bolşevik hökumətinin ayırdığı tüfənglərlə soyqırıma məruz qalıblar

Cəmiyyət Materials 30 Mart 2012 15:23 (UTC +04:00)
Bolşevik hökumətinin ayırdığı 5000 tüfəng Bakıya yerləşdirilən erməni hərbçilər üçün nəzərdə tutulmuşdu.
Tarixçi: Azərbaycanlılar bolşevik hökumətinin ayırdığı tüfənglərlə soyqırıma məruz qalıblar

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir İ.İsabalayeva/

Bolşevik hökumətinin ayırdığı 5000 tüfəng Bakıya yerləşdirilən erməni hərbçilər üçün nəzərdə tutulmuşdu. Bu hərbi qüvvələr isə azərbaycanlıların qətlə yetirilməsinə, soyqırıma məruz qalmasına yönəldilmişdi. Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov deyib.

Onun sözlərinə görə, 1917-ci ilin fevralında çar Rusiyası dağıldıqdan sonra həmin ilin oktyabrında bolşeviklər hərbi çevriliş edərək hakimiyyəti ələ keçirdilər.

Bu zaman dekabrın 16-da Bakı Sovetində sədr olan Stepan Şaumyan Leninin əmri ilə Qafqazda fövqəladə və səlahiyyətli komissar təyin olunur və ona 500 min rubl pul ayrılır. Yanvar ayında isə yenə Leninin imzası ilə Bakı Sovetinə 30 milyon 800 min rubl, 5000 tüfəng, 2 aeroplan və 2 zirehli maşın ayrılıb.

"Onu da qeyd edim ki, Ərzincan müqaviləsinə görə, rus ordusu Qafqaz cəbhəsindən Rusiyaya qayıtmalı idi. Rus qoşunlarının tərkibində Türkiyəyə qarşı vuruşan erməni hərbi birləşmələri, onların 5000 əsgəri Bakıya gəlmişdi", - tarixçi əlavə edib.

O bildirib ki, 1918-ci il martın 24-də Şaumyanın başçılığı ilə azərbaycanlılara qarşı başlanmış soyqırım bir neçə gün davam edib. Bütövlükdə isə həmin dövrdə Azərbaycan ərazisində 700 min nəfər soyqırıma məruz qalıb. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılmış fövqəladə təhqiqat komissiyasının açıqladığı rəqəmlərə görə, həmin hadisələr zamanı Bakıda 12 min nəfərdən artıq azərbaycanlı qətlə yetirilib. Başqa mənbələrdə isə bu rəqəmin daha da artıq olduğu göstərilir.

"Məsələn, "Azərbaycan" qəzetinin həmin dövrlərdə işıq üzü görmüş saylarında mart hadisələri zamanı Bakı və ətraf kəndlərdə 30 mindən artıq azərbaycanlının qətlə yetirildiyi qeyd olunur. Ermənilərin öz nümayəndələrindən biri isə qeyd edir ki, biz Bakıda 25 min nəfəri qətlə yetirmişik", - Bəhramov qeyd edib.

O bildirib ki, həmin dövrdə Cənubi Azərbaycanda 150 min nəfər, təkcə Urmiya şəhərində 10 min nəfər qətlə yetirilib, Şamaxının 75 kəndi, Qubanın 122 kəndi, Zəngəzurun 115 kəndi ermənilər tərəfindən tamamilə məhv edilib. Bütövlükdə isə həmin dövrdə Azərbaycan ərazisində 700 min nəfər soyqırıma məruz qalıb.

Xəbər lenti

Xəbər lenti