...

Azərbaycan və Ukrayna prokurorluq orqanları arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Cəmiyyət Materials 24 Aprel 2012 18:12 (UTC +04:00)
Zakir Qaralov çərşənbə axşamı ölkəmizdə səfərdə olan Ukrayna Prokurorluğunun Hərbi Prokurorluqlar Baş İdarəsinin rəisi Yuriy Viytevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan və Ukrayna prokurorluq orqanları arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanın baş prokuroru Zakir Qaralov çərşənbə axşamı ölkəmizdə səfərdə olan Ukrayna Prokurorluğunun Hərbi Prokurorluqlar Baş İdarəsinin rəisi Yuriy Viytevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, Azərbaycan və Ukrayna arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi və inkişaf etdirilməsində ölkələrimizin maraqlı olmaları və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən söhbət açan baş prokuror, qonaqlara ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan mütərəqqi qanunvericilik aktlarının, prokurorluğun, o cümlədən hərbi prokurorluğun fəaliyyəti üçün zəruri hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında müasirləşmə prosesinin həyata keçirilməsi və köklü islahatların aparılması, eyni zamanda, kadr siyasətində ciddi dönüşün yaradılması və şəffaflığın təmin edilməsi, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin fəaliyyəti, həmçinin, respublika Hərbi Prokurorluğu orqanlarının strukturu, fəaliyyət istiqamətləri və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Respublikamızda aparılan məhkəmə-hüquq islahatları barədə məlumatlı olduğunu bildirən Yuriy Viytev hər iki ölkənin Hərbi prokurorluqları arasında əməkdaşlığın perspektivlərinin müzakirəsi, iş təcrübəsi və məlumat mübadiləsinin, həmçinin istintaq işinin effektivliliyinin artırılması məqsədilə qarşılıqlı səfərlərin həyata keçirilməsinin zəruriliyini vurğulayıb, eyni zamanda, təmsil etdiyi təşkilatın Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini xüsusi qeyd edib.

Görüşdə hərbi prokurorluq orqanları arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb, tərəfləri maraqlandıran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.

Qəbulda Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenko və respublika hərbi prokuroru Xanlar Vəliyev iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti