...

Zərifə Əliyevanın 89-cu ildönümü münasibətilə anım mərasimi keçirilib

Cəmiyyət Materials 30 Aprel 2012 17:03 (UTC +04:00)
Azərbaycan Qadın və İnkişaf Mərkəzində görkəmli akademik, oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasının 89-cu ildönümü münasibətilə anım mərasimi keçirilib.
Zərifə Əliyevanın 89-cu ildönümü münasibətilə anım mərasimi keçirilib

Azərbaycan, Bakı, 30 aprel /Trend/

Azərbaycan Qadın və İnkişaf Mərkəzində görkəmli akademik, oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasının 89-cu ildönümü münasibətilə anım mərasimi keçirilib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, insan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın təşəbbüsü ilə təşkil olunmuş tədbirdə qadın təşkilatlarının üzvləri, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, tanınmış ziyalılar, səhiyyə işçiləri, incəsənət xadimləri iştirak ediblər.

Süleymanova anım mərasimində çıxış edərək, Zərifə xanımın zəngin və mənalı ömür yolundan danışıb, bu şərəfli həyat yolunun hər bir Azərbaycan qadını üçün nümunə, kamillik məktəbi olduğunu söyləyib.

Ombudsman görkəmli alimin Azərbaycan oftalmologiya elminə verdiyi töhfələr, müxtəlif göz xəstəliklərinin müalicə və profilaktikasına dair fundamental tədqiqatları, əldə etdiyi uğurlar, əsl örnək olan yüksək mənəvi keyfiyyətləri, onun bir qadın, ana və gözəl həyat yoldaşı kimi ailəsinə, övladlarına, ömür-gün yoldaşı - ulu öndər Heydər Əliyevə olduqca həssas, səmimi, ülvi münasibətindən danışıb.

Zərifə xanımın təkcə respublikamızda deyil, beynəlxalq aləmdə də yaxşı tanınan alim, ziyalı, ictimai xadim kimi dəyərləndirildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, akademik Əliyeva öz qayğıkeşliyi və səmimiyyəti ilə onu əhatə edən insanların rəğbətini, ehtiramını qazanıb. Onun inkişaf etdirdiyi elm sahəsinin davamçıları alimin irsindən faydalanırlar.

Vaxtilə akademik Zərifə Əliyevanın rəhbərlik etdiyi kollektivdə çalışmış tibb işçisi, Bakı şəhəri üzrə Qadın Veteranlar Cəmiyyətinin sədri Zemfira Kərimova çıxışında görkəmli alimin təqdirəlayiq iş keyfiyyətləri, daim axtarış həvəsli olması, tədqiqatlarının aktual mövzulara həsr olunması, o dövrdə Azərbaycanda yayılmış traxoma və digər göz xəstəliklərinin effektiv müalicəsi üzrə apardığı araşdırmalar, yazdığı monoqrafiyalar barədə ətraflı məlumat verib.

Azərbaycanın xalq artisti, kaman ustası Şəfiqə Eyvazova, tanınmış musiqiçi alim Zemfira Qafarova, Azərbaycan Qadınlar Cəmiyyəti sədrinin müavini Bahar Qasımova, Ahılların Resurs Mərkəzinin rəhbəri Şövkət Xanməmmədova və başqaları yaddaşlarda daim yaşayacaq böyük insan, ziyalı və görkəmli alim Zərifə Əliyeva haqqında fikirlərini bölüşüblər.

Anım mərasiminin sonunda Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Mahcamal akademik Zərifə Əliyevaya və onun timsalında analara həsr edilmiş şeirlərini oxuyub, digər iştirakçılar da bu mövzuda poeziya nümunələri səsləndiriblər.

Xəbər lenti

Xəbər lenti