Azərbaycan, Bakı, 7 may / Trend müxbir K.Zərbalıyeva/
Azərbaycanın Zaqatala-Balakən bölgəsində maqnitudası 5-dən yuxarı olan zəlzələ sonuncu dəfə 1936-cı ildə qeydə alınıb. Bu barədə bazar ertəsi Trend-ə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, geologiya-minerologiya elmlər doktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, Zaqatala-Balakən-Şəki bölgəsi seysmik zonadır.
"Tarixən burada güclü, dağıdıcı zəlzələlər olub. İndi də bu proses gedir", - Yetirmişli əlavə edib.
Onun sözlərinə görə, həmin bölgədə hazırda avtoşoklar davam edir və bunların olması təbiidir.
Yetirmişli bildirib ki, Zaqataladan 17 km cənuba, Qaxdan qərb istiqamətdə episentrində 12 ballıq cədvəl üzrə 7 bal gücündə zəlzələ olub.
Baş direktor bildirib ki, zəlzələ nəticəsində bəzi tikililərdə çatlar əmələ gəlib. Yeraltı təkanlar Qaxda, Zaqatalada 7 bal gücündə hiss olunub. Bölgənin digər rayonlarında isə 6, 5, 4 və 3 bal gücündə olub.
Onun bildirdiyinə görə, zəlzələ böyük bir ərazini əhatə edib. Qərb, şimal, şimal-şərq rayonları, Gəncə, Mingəçevir, Gədəbəy, Yevlaxda hiss edilib. Zəlzələ hətta Tbilisidə 3 bal gücündə hiss olunub.