Azərbaycan, Bakı, 7 may / Trend müxbir K.Zərbalıyeva/
Zaqatalada baş verən zəlzələdən sonra 15 nəfər xəstəxanaya müraciət edib.
Zaqatala rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin müdiri Məmmədrəsul Teyyubov Trend-ə bildirib ki, hadisə zamanı ciddi xəsarət alan olmayıb. Zəlzələdən sonra xəstəxanaya 15 nəfər müraciət edib. Onların çoxu zəlzələdən sonra yaranmış qarışıqlıqda yıxılıb xəsarət alanlardır.
Şöbə müdiri deyib ki, müraciət edənlərə ilkin tibbi yardım göstərilib və onlar evə buraxılıblar.
Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, hazırda fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərliyi ilə zəlzələdən ən çox ziyan çəkən ərazilərə baxış keçirilir.
Zəlzələ zamanı bəzi kəndlərdə köhnə evlər uçub. Zəlzələdən ən çox rayonun Azar, Zəyəm, Qımır kəndləri ziyan çəkib.
İcra Hakimiyyətindən bildirilib ki, hadisədə xəsarət alan olmasa da, təşvişdən halı pisləşənlər olub və onlar xəstəxanaya müraciət ediblər.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, bu gün yerli vaxtla saat 09:40-da, Zaqatala rayonundan 17 km cənub-qərbdə zəlzələ qeydə alınıb. Zəlzələ 10 km dərinlikdə, 5,50 maqnitudada qeydə alınıb.
Zəlzələ Zaqatala və Qaxda 7 bal, Şəki, Oğuz, Qazax, Tovuz və digər rayonlarda 2-5 bal arasında hiss olunub.
Tikililərdə dağıntı var. İnsan təlafatı yoxdur.
Zaqatalada yeraltı təkanlar davam edir.