...

Daxili İşlər Nazirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib

Cəmiyyət Materials 7 May 2012 20:25 (UTC +04:00)
Mayın 7-də Daxili İşlər Nazirliyində ümummilli lider, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.
Daxili İşlər Nazirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib

Azərbaycan, Bakı, 7 may /Trend/

Mayın 7-də Daxili İşlər Nazirliyində ümummilli lider, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.

Nazirliyin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov təntənəli mərasimi giriş sözü ilə açaraq ümummilli liderimizin bütövlükdə yeni Azərbaycanın qurulmasında, onun müstəqilliyinin, iqtisadi-siyasi əsaslarının, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində, ölkəmizin beynəlxalq birliyin tam və bərabərhüquqlu üzvünə çevrilməsində, demokratik imicinin yüksəldilməsində, dövlətçilik tarixində müstəsna xidmətləri olduğunu xatırladıb, ulu öndərin 89-cu ildönümünə həsr olunmuş tədbirlərin nəinki ölkəmizdə, eləcə də bir çox xarici dövlətlərdə böyük ehtiramla qeyd olunduğunu vurğulayıb.

Onun təklifi ilə mərasim iştirakçıları ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra Usubov Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin xilaskarı, əvəzsiz tarixi və dahi şəxsiyyət - ulu öndər Heydər Əliyevin şərəfli həyat yolu, milli dövlətçilik strategiyası, daxili işlər orqanlarına diqqət və qayğısı, həmçinin onun rəhbərliyi ilə aparılan islahatlar barədə geniş məruzə ilə çıxış edib. Məruzəçi deyib ki, 1969-cu ildə Heydər Əliyev respublikaya rəhbər seçiləndə Azərbaycan keçmiş ittifaqda əksər göstəricilərə görə sonuncu yerlərdən birini tuturdu, iqtisadiyyatı, elm və mədəniyyəti tənəzzül keçirən, əhalisi çətin həyat sürən bir ölkə idi. Məhz onun respublikamıza rəhbərlik etdiyi 14 ildə ölkəmiz keçmiş SSRİ-nin ən inkişaf etmiş respublikalarından birinə çevrildi. Ümummilli lider həmin dövrün məlum çətinliklərinə, maneələrə və sovet ideologiyasının təzyiqlərinə rəğmən, xalqımıza öz milli ruhunu qaytardı, onu tərəqqi və inkişaf yoluna çıxardı. Dağlıq Qarabağ azərbaycanlıları da özlərini dədə-baba yurdlarının əsl sahibi kimi hiss etməyə başladılar. Həmin illərdə vilayətdəki azərbaycanlıların say tərkibi təqribən iki dəfə artdı, bölgədə sosial-iqtisadi sahədə böyük uğurlar əldə olundu, mühüm infrastrukturlar yaradıldı. Məhz ulu öndərin şəxsi nəzarəti, vəziyyətə birbaşa müdaxiləsi, apardığı siyasi, diplomatik tədbirlər sayəsində Azərbaycana rəhbərlik etdiyi müddətdə erməni millətçiləri bir dəfə də olsun torpaq iddiasını açıq şəkildə dilə gətirməyə cəsarət etmədilər. Yalnız 1987-ci ildə Heydər Əliyevin yüksək vəzifələrdən uzaqlaşdırılması ilə separatçı qüvvələr hərəkətə keçdi. Ermənipərəst Qorbaçovun və onun əlaltılarının 1990-cı ilin yanvar qırğını törətdiyi faciəli günlərdə də Heydər Əliyev öz xalqı ilə bir yerdə idi. Məhz onun haqq səsi xalqın qəzəbini və nifrətini dünyaya çatdırdı, bədnam sovet rəhbərliyinin məkrli və ikiüzlü siyasətini ifşa etdi.

General-polkovnik Ramil Usubov bildirib ki, 1990-1993-cü illərdə hakimiyyət başında olan rəhbərlərin səriştəsizliyi, qorxaqlığı, antimilli siyasət aparması ölkədə xaos və anarxiya yaratmış, Azərbaycan dünya xəritəsindən silinmə təhlükəsi ilə üzləşmişdi. Bundan istifadə edən Ermənistan Dağlıq Qarabağı və ətraf rayonların işğalını davam etdirir, yüz minlərlə insanı öz ata-baba yurdlarından didərgin salırdı. Belə bir çətin şəraitdə Azərbaycan xalqı yeganə çıxış yolunu öz müqəddəratının, gələcək taleyinin həllini iradəsinə, qətiyyətinə, təşkilatçılıq bacarığına, Vətənə bağlılığına dərindən bələd olduğu qüdrətli Heydər Əliyevdə görərək onu təkidlə respublika rəhbərliyinə dəvət etdi. Xalqın səsinə cavab verməyi, Vətəni düçar olduğu bəlalardan xilas etməyi müqəddəs borcu sayan ulu öndər 1993-cü ilin 15 iyununda Azərbaycanın rəhbərliyinə qayıtdı və həmin gün tariximizə Qurtuluş Günü kimi daxil oldu.

Bundan sonrakı mərhələni Azərbaycanın ən yeni tarixinin qurtuluş dövrü adlandıran nazir "Müstəqilliyimiz daimidir, əbədidir, dönməzdir" deyən ulu öndərin ciddi intizam, tələbkarlıq və dövlət mənafeyi amillərini ön plana çəkərək demokratik islahatların aparılması, konstitusion dövlət quruluşunun möhkəmləndirilməsi, əmin-amanlığın yaradılması, iqtisadi tənəzzülün dayandırılması, bütün sahələrdə itirilmiş mövqelərin qaytarılması və inkişafın əldə edilməsi istiqamətində fəal işin başlanğıcını qoyduğunu vurğulayıb.

Qeyd olunub ki, ümummilli liderimizin dövlətin əsas sütunlarından və dayaqlarından biri adlandırdığı Azərbaycanın daxili işlər orqanları müstəqilliyin ilk illərində səriştəsiz adamların naşı rəhbərliyi ucbatından faktiki olaraq, iflic vəziyyətinə salınmışdı və əslində, cinayətkarlıqla mübarizə aparmaq iqtidarında deyildi. DİN sisteminə gətirilmiş cinayətkarlıqla mübarizə təcrübəsi olmayan təsadüfi şəxslərin özləri bir çox hallarda vətəndaşların hüquqlarını kobudcasına pozurdular. Belə son dərəcə təhlükəli vəziyyətdə qətiyyətli addımlar atan Heydər Əliyevin cinayətkarlıqla mübarizənin gücləndirilməsi, hüquq qaydasının möhkəmləndirilməsi, ölkədə kriminogen durumun nəzarətə alınması sahəsində qəbul etdiyi qərarlar, bu mühüm məsələlərin icrasına birbaşa nəzarəti və rəhbərliyi sayəsində ölkədəki hərc-mərcliyə, özbaşınalığa son qoyuldu. Əllərdə olan on minlərlə qanunsuz odlu silah-sursat yığıldı, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr ləğv edildi, cəmiyyətə meydan oxuyan yüzlərlə cinayətkar dəstə zərərsizləşdirildi. Qısa müddətdə görülmüş təsirli tədbirlərin məntiqi nəticəsi olaraq, qəsdən adamöldürmələrin, oğurluqların, qarət və quldurluqların sayı kəskin azaldı, kriminogen durum tam nəzarətə götürüldü, insanların dinc, rahat yaşamaları üçün lazım olan şərait yaradıldı, əhalinin dövlətə, onun hüquq-mühafizə orqanlarına inamı bərpa olundu. Bununla paralel, daxili işlər orqanlarında sağlam ab-havanın yaradılması, şəxsi heyətin vəzifə səlahiyyətlərinin icrasına məsuliyyətinin artırılması, kadların düzgün seçilib-yerləşdirilməsi, peşəkarlığa önəm verilməsi, dövlətə, Vətənə sədaqət prinsipləri ön plana çəkildi, onun cəmiyyətdə fəaliyyətini tənzimləyən qanunlar qəbul olundu, fərmanlar verildi, maddi-texniki təminatı möhkəmləndirildi. Ulu öndərin tövsiyəsinə və qarşıya qoyduğu vəzifələrə uyğun olaraq, polis kadrlarının hazırlanmasında müstəsna yeri olan təhsil ocaqları inkişaf mərhələsinə qədəm qoydu.

Daxili işlər orqanlarının fəaliyyətini xalqa və dövlətə xidmət üçün səfərbər edən ümummilli lider nəticədə bu mühüm, vacib sahədə də qarşıya qoyduğu məqsədə çatdı. Daxili işlər orqanları və onun ayrılmaz hissəsi olan Daxili Qoşunlar öz Prezidentinin inamını doğrultdu və ölkədə uğurla həyata keçirilən quruculuq işlərinin və demokratik islahatların təhlükəsizliyinin təminatçılarından biri oldu. İctimai asayişin təmini baxımından dünyanın ən təhlükəsiz və əmin-amanlığın etibarlı qorunduğu ölkələr sırasındadır.

Daxili işlər naziri xüsusilə vurğulayıb ki, Heydər Əliyev fenomeninin nəhəngliyi onun təkcə dövrünün qayğı və problemləri ilə yaşamaması, zamanı qabaqlayaraq çox-çox irəlini görməsi, gələcəkdə ölkəni uğurla idarə edə biləcək lider yetişdirməsindədir. Dahi şəxsiyyətin müəyyən etdiyi siyasi kursu xalqımız tam dəstəkləyərək onun davam etdirilməsini Heydər Əliyev məktəbinin ən layiqli yetirməsi, bütün fəaliyyətini Azərbaycan dövlətinin strateji maraqlarının aliliyinə və işıqlı gələcəyinə həsr edən möhtərəm İlham Əliyevə etibar edib. Zati-alilərinin ölkəyə rəhbərlik etdiyi llərdə Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində böyük uğurlar əldə edilib, xalqımız və dövlətimiz üçün, sözün əsl mənasında, taleyüklü sayılan, həyat əhəmiyyətli layihələr reallaşıb. Daxili işlər orqanları da ali diqqət və qayğı ilə əhatə olunub, əməliyyat-xidməti fəaliyyətin təkmilləşdirilməsi, orqan və hissələrin maddi-texniki təminatının, şəxsi heyətin sosial müdafiəsinin yaxşılaşdırılması kimi vacib məsələlər möhtərəm Prezidentimizin şəxsi nəzarətindədir.

Günbəgün yeniləşən Azərbaycanın möhkəm təməl üzərində formalaşmış ictimai-siyasi sabitlik şəraitində inkişafında, milli dövlətçiliyin hər cür cinayətkar qəsdlərdən qorunmasında, Konstitusiya ilə təsbit olunmuş insan hüquq və azadlıqlarının təminatında daxili işlər orqanları şəxsi heyətinin mühüm xidmətləri dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən yüksək qiymətləndirilir.

Çıxışının sonunda nazir, general-polkovnik Ramil Usubov Heydər Əliyev kimi dahi şəxsiyyətin həyatının hələ bundan sonra da dönə-dönə öyrəniləcəyini, onun hər anının, hər səhifəsinin müasirlərimizə, gələcək nəsillərə örnək olacağını qeyd edib və bildirib ki, ən böyük qazancımız ümummilli liderin siyasi irsinin, dövlətçilik fəaliyyətinin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsidir.

Təntənəli mərasimin sonunda tədbir iştirakçıları ulu öndərin zəngin həyat və fəaliyyətindən bəhs edən, Azərbaycan Televiziyasının istehsalı olan "Vətənə, xalqa həsr edilən ömür" adlı sənədli filmə baxıblar.

Xəbər lenti

Xəbər lenti