Azərbaycan, Bakı, 10 may / Trend müxbir İ.İsabalayeva/
Dünən Bakıda 1910-cu il mayın 9-da qeydə alınan sutkalıq rekord göstərici təzələnib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən cümə axşamı Trend-ə verilən məlumata görə, bu il mayın 9-da Bakıda orta sutkalıq temperatur iqlim normasından 6,6 dərəcə yuxarı olub. Havanın maksimal temperaturu isə Bakıda 27,6 dərəcə isti təşkil edib. Bununla da 1910-cu il mayın 9-da qeydə alınan sutkalıq rekord göstərici (26,6 dərəcə) təzələnib.
Mayın 11-nə gözlənilən hava şəraitinə gəlincə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-18, gündüz 25-29 dərəcə isti olacaq.
Mayın 11-dən 13-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, 12-13-də atmosfer təzyiqinin normadan bir qədər aşağı enməsi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.
Mayın 11-də gün ərzində əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-18, gündüz 27-32, dağlarda gecə 5-10, gündüz 16-21 dərəcə isti olacaq.