...

Dilçilik İnstitutunda struktur dəyişikliyinin aparılması təklif ediləcək

Cəmiyyət Materials 24 May 2012 12:13 (UTC +04:00)
Dilçilik İnstitutunda struktur dəyişikliyinin aparılması təklif ediləcək
Dilçilik İnstitutunda struktur dəyişikliyinin aparılması təklif ediləcək

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu ölkə Prezidentinin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" sərəncamının icrası ilə əlaqədar hazırlayacaqları təkliflərdə Dilçilik İnstitutunda struktur dəyişikliyinin aparılmasını təklif edəcək. Bunu cümə axşamı Trend-ə Dilçilik İnstitutunun direktor əvəzi Fəxrəddin Veysəlov deyib.

Ölkə Prezidenti tərəfindən belə sərəncamın verilməsini çox yüksək dəyərləndirən dilçi alimin sözlərinə görə, institutda bəzi köhnə şöbələr birləşdirilə bilər. Artıq institutda elmin tələblərinə cavab verən yeni şöbələrin yaradılması, kadr potensialının gücləndirilməsi, kadrların hazırlanmasına diqqətin artırılması, dilçiliyin yeni istiqamətləri üzrə tədqiqatların genişləndirilməsi, dissertasiyaların keyfiyyətinin yüksəldilməsi üçün işlərin aparılması təklif ediləcək.

Bu məsələlərin dilçiliyin inkişafı üçün çox önəmli olduğunu deyən Veysəlov hesab edir ki, bunlar sərəncamın icrası ilə bağlı hazırlanacaq geniş fəaliyyət planında öz əksini tapa bilər.

Alim bildirib ki, hazırda dilçiliyin inkişafı ilə bağlı müəyyən boşluqlar var. Bu sərəncam həmin boşluqları dolduracaq, Azərbaycan dilinin inkişafına, onun təbliğinin genişləndirilməsinə imkan verəcək.

İnstitutun direktor əvəzi bildirib ki, hazırda Azərbaycanın telekanallarında, mətbuat orqanlarında dilin işlənməsi ilə bağlı çoxlu qüsurlar müşahidə olunur. Belə halların aradan qaldırılması üçün "Qaynar xətt" yaradıla bilər.

Veysəlov hesab edir ki, dilin tələblərinin pozulması halı baş verdikdə bu barədə "Qaynar xətt"ə məlumat vermək və müvafiq qurumlardan belə hallara yol verilməməsini tələb etmək lazımdır.

"İndi telekanallar deyirlər ki, biz sərbəstik, öz siyasətimizi yeridirik. Ancaq dil xalqın dilidir və xalqın heysiyyatına toxunmaq olmaz. Dilin bütün incəliklərini qorumaq və ona əməl etmək lazımdır", - Veysəlov əlavə edib.

Alim qeyd edib ki, Azərbaycan dilçiliyindəki şah əsərlərin xarici dillərə tərcüməsi lazımdır.

O, buna görə də müasir nəzəri dilçilik ədəbiyyatının Azərbaycan dilinə tərcüməsi məsələsinə də diqqətin yetirilməsini vacib sayıb.

Veysəlovun fikrincə, Azərbaycanda müxtəlif sahələrdə tərcümə işinin mərkəzləşdirilmiş qaydada və məqsədyönlü aparılması üçün Nazirlər Kabineti yanında yaradılacaq Tərcümə Mərkəzi çoxfunksiyalı olmalı və müasir tələblərə cavab verməlidir. O, bütün tərcümə olunan ədəbiyyatların bu mərkəzlə razılaşdırılacağının gözlənildiyini də bildirib.

"Hazırda nəşriyyatların sayı çoxdur. Onlar gəlir əldə etmək üçün dilin tələblərinə əməl etmədən ədəbiyyatları çap edirlər. Biz buna laqeyd qala bilmərik. Ona görə də bu məsələ diqqət mərkəzində olmalıdır", - Veysəlov əlavə edib.

Qeyd edək ki, Azərbaycan Prezidentinin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" sərəncamında Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları, Mədəniyyət və Turizm nazirlikləri və digər aidiyyəti qurumlarla birlikdə oktyabrın 1-dək dilçiliyin inkişafına dair Dövlət Proqramının layihəsini hazırlayaraq Nazirlər Kabinetinə, noyabrın 1-dək ölkə Prezidentinə təqdim edilməsi tapşırılıb.

Bununla yanaşı, Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimlənməsi və koordinasiya edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası, müxtəlif sahələrdə tərcümə işinin mərkəzləşdirilmiş qaydada və məqsədyönlü aparılması üçün Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi yaradılacaq.

Xəbər lenti

Xəbər lenti