Azərbaycan, Bakı, 31 may /Trend, müxbir K.Zərbalıyeva/
Əlillik problemi ailələrin dağılması və uşaqların internat müəssisələrinə düşməsinin əsas səbəblərindən biridir. Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına müsahibəsində deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda rəsmi qeydiyyatda olan 47 000 uşaq müxtəlifformalı xəstəlik və onların ağır nəticələri üzündən əlilliyə məruz qalıb.
Komitə sədri bildirib ki, BMT-nin "Əlilliyi Olan İnsanların Hüquqları Haqqında Konvensiya"sı 2008-ci ildə Azərbaycan hökuməti tərəfindən ratifikasiya edilib.
"Bu Konvensiyanın ratifikasiya edilməsi əlilliyi olan insanlar üçün daha geniş imkanların yaranmasına, bərabər imkanların təmin olunmasına təkan verəcək", - o deyib.
Hüseynova bildirib ki, uşaq problemlərinin ayrı-ayrı aspektləri, o cümlədən uşaqların sağlamlığının qorunması, uşaqların keyfiyyətli təhsil almaq imkanlarının artırılması, inklüziv təhsilin inkişaf etdirilməsi, xüsusi qayğıya ehtiyacı olan uşaqların tələbatına yönəlmiş infrasrukturun yaradılması, uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin, uşaq baxımsızlığının və uşaq əməyinin istismarının, onlara münasibətdə zorakılığın, uşaqlar arasında hüquq pozuntularının qarşısının alınması, cəmiyyətin uşaq hüquqları və uşaq problemləri ilə bağlı geniş maarifləndirilməsi istiqamətində dövlət orqanlarının fəaliyyətinin daha da gücləndirilməsinə, bəzi məsələlər üzrə əlavə tədbirlərin həyata keçirilməsinə ehtiyac duyulur.