...

Səhiyyə Nazirliyi əhaliyə isti günlərdə bəzi qidalardan ehtiyatla istifadə etməyi tövsiyə edib

Cəmiyyət Materials 20 İyun 2012 10:36 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) əhaliyə isti yay günlərində bəzi qidalardan ehtiyatla istifadə etməyi və onları alarkən diqqətli olmağı tövsiyə edib.
Səhiyyə Nazirliyi əhaliyə isti günlərdə bəzi qidalardan ehtiyatla istifadə etməyi tövsiyə edib

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) əhaliyə isti yay günlərində bəzi qidalardan ehtiyatla istifadə etməyi və onları alarkən diqqətli olmağı tövsiyə edib.

RGEM-in Qidalanma bölməsinin müdiri İmran Abdullayev çərşənbə günü Trend-ə deyib ki, ət, süd məhsulları, şirniyyatlar, kremli qənnadı məmulatları, konservləşdirilmiş məhsullar, kolbasa məmulatları qısa müddətdə xarab olduğu üçün onlar insanlarda daha çox zəhərlənməyə səbəb ola bilər.

Abdullayev bildirib ki, isti yay günlərində bu məhsulların saxlanma şəraitinə daha çox diqqət yetirilməlidir. O, bu məhsulların hər birinin saxlanma temperaturu və şəraitlərinin fərqli olduğunu da deyib.

Mərkəz rəsmisinin sözlərinə görə, dondurmalar mənfi 18 dərəcədə saxlanılmalıdır. Bişmiş kolbasalar 0-mənfi 6 dərəcə temperaturda 30 günədək, hisə verilmiş kolbasalar 30-35 günədək, süd məhsulları mənfi 4 dərəcə temperaturda 14 günədək, ət məhsulları, qənnadı məmulatları, kremli şirniyyatlar, konservləşdirilmiş məhsullar mənfi 4-5 dərəcə temperaturda 5 günədək saxlanıla bilər.

Abdullayev bu məhsulların Günəş şüalarından qorunmasını da vacib sayıb. O deyib ki, bu tələblərə əməl edilmədikdə məhsulların tərkiblərində dəyişiklik baş verir və zəhərlənmə ehtimalları artır.

Xəbər lenti

Xəbər lenti