...

Səhiyyə Nazirliyi icbari tibbi sığortanın nə zaman tətbiq ediləcəyinin mümkünlüyünə aydınlıq gətirib

Cəmiyyət Materials 2 İyul 2012 11:38 (UTC +04:00)
Azərbaycanın səhiyyə sistemində icbari tibbi sığortanın tətbiqinə bütün parametrlər hərtərəfli nəzərə alındıqdan və sistem buna tam hazır olduqdan sonra başlamaq lazımdır.
Səhiyyə Nazirliyi icbari tibbi sığortanın nə zaman tətbiq ediləcəyinin mümkünlüyünə aydınlıq gətirib

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın səhiyyə sistemində icbari tibbi sığortanın tətbiqinə bütün parametrlər hərtərəfli nəzərə alındıqdan və sistem buna tam hazır olduqdan sonra başlamaq lazımdır. Bunu Trend-ə Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Onun sözlərinə görə, səhiyyə sistemində icbari tibbi sığortanın tətbiqi yalnız Səhiyyə Nazirliyinin əlində olan məsələ deyil. İcbari tibbi sığortanın tətbiqi bir çox müxtəlif qurumlardan və müxtəlif parametrlərdən asılıdır.

Ağayev deyib ki, icbari tibbi sığortanın tətbiqi işçilərin əmək haqqından, əmək haqlarından olan ayrılmalardan tutmuş tibb müəssisələrinin akkreditasiyasına kimi müxtəlif parametrləri əhatə edən çoxşaxəli prosesdir. Nazir müavini hesab edir ki, ona görə də, bütün bunlar tam öz həllini tapdıqdan sonra Nazirlər Kabinetinin icbari tibbi sığortanın tətbiqi ilə bağlı qərar verəcəyi gözlənilə bilər.

"Ümumiyyətlə, hər bir ölkə tibbi sığortaya fərqli şəkildə yanaşır. Səmimi bildirim ki, ölkələrin əksəriyyətində tibbi sığorta problemlə qarşılanır. Mənə elə gəlir ki, Azərbaycanda da icbari tibbi sığortanın tətbiqinə hərtərəfli bütün parametrlər nəzərə alındıqdan sonra başlamaq lazımdır. Bu, yalnız səhiyyənin və yalnız Səhiyyə Nazirliyinin əlində olan məsələ deyil",- Ağayev əlavə edib.

Qeyd edək ki, Azərbaycanda "Tibbi sığorta haqqında" qanun 1999-cu ildə qəbul edilsə də, tibbi sığortanın formalarından biri olan icbari tibbi sığorta hələ də tətbiq edilmir.

Qanuna əsasən, tibbi sığortanın məcburi forması dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, icbari tibbi sığorta proqramına müvafiq həcmdə əhalinin tibbi və dərman yardımı almasını təmin edir.

Xəbər lenti

Xəbər lenti