...

YAP-ın “Yay məktəbi” layihəsinin ikinci həftəsi öz işinə başlayıb

Cəmiyyət Materials 10 İyul 2012 13:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir E.Mehdiyev/

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin "Yay məktəbi" layihəsinin ikinci həftəsi öz işinə başlayıb.

YAP Gənclər Birliyindən Trend-ə verilən məlumata görə, layihə çərçivəsində Oğuz rayonuna səfər edən partiyanın fəal gəncləri bir sıra tədbirlərdə iştiraka start veriblər.

Öncə ölkəmizin müxtəlif regionlarından tədbirə qatılan gənc siyasətçilərə ölkəmiz, səfər etdikləri rayon və hakim Yeni Azərbaycan Partiyasının keçirdiyi "Yay məktəbi"nin mahiyyəti haqqında ətraflı məlumat verilib, müasir Azərbaycanın menarı, ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan danışılıb.

İlk tanışlıqdan sonra gənclərin istirahət mərkəzində Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla gənclərin görüşü keçirilib.

Görüşdə ilk olaraq çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov professor Əli Həsənova "Yay məktəbi" layihəsində iştirak etdiyi üçün rəhbərlik etdiyi təşkilat adından dərin minnətdarlığını bildirib.

"Artıq Yeni Azərbaycan Partiyasının təşkil etdiyi "Yay məktəbi" layihəsinin ikinci mərhələsinə start verilib. Layihə çərçivəsində keçirilən bir sıra görüşlərdə gənclər üçün maraqlı olan məsələlər ətrafında müzakirələr aparılır, onları maraqlandıran suallar cavablandırılır. Bu gün isə layihə çərçivəsində gənclərlə görüşə PA-nın İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov gəlib. Həsənovun öz dəyərli vaxtını ayırıb bizlərlə görüşə gəlməsi hamımız üçün ayrı-ayrılıqda qürurvericidir. Mən xüsusilə qeyd etmək istərdim ki, gənclər bu görüş çərçivəsində çox önəmli məsləhətlər alacaqlar. Gənclərimizin ictimai-siyasi həyatda fəaliyyət prinsiplərinin müəyyənləşdirilməsi və inkişaf etdirilməsində yaxından kömək edən bu layihədə iştirak etdiyi üçün YAP gəncləri adından Həsənova dərin təşəkkürümüzü bildiririk", - Orucov deyib.

Daha sonra çıxış edən Əli Həsənov gəncləri salamlayaraq "Yay məktəbi"ndə iştirakından məmnunluğunu bildirib. O, ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətini və liderliyə gedən yolda qarşılaşdığı əziyyətlərini o zamankı şahidi kimi təsvir edib.

"Bu gün "Liderliyə gedən yol" dediyimiz zaman ilk olaraq ağlımıza ulu öndərimizin siyasi fəaliyyəti gəlir. Ümummilli liderin siyasi fəaliyyəti və keşməkeşli liderlik yolu hər birimiz üçün örnəkdir. Mən o zamanlar sizin yaşda gənc idim. Bizlər hamımız Heydər Əliyevin hakimiyyətə gəlməsini istəyirdik. Çünki anlayırdıq ki, bu xalqın tək xilaskarı Heydər Əliyevdir. O dövrdə gözlərini hakimiyyət hərisliyi örtmüş bəzi "liderlər" xalqın gələcəyini düşünmürdülər. Lakin böyük əzablardan sonra ulu öndər Heydər Əliyev hakimiyyətə gəlişi ilə xalqımızın gələcəyini təyin edən addımlar atdı. O, öz liderlik bacarığı ilə xalqımıza müstəqillik gətirdi, insanlara azadlıq düşüncələrini aşıladı. Bu gün Azərbaycanda bünövrəsi ulu öndərimiz tərəfindən qoyulan siyasət uğurla davam etdirilir. Bu gün ölkəmizdə gənclərimizin gələcəyi, təminatı və ictimai-siyasi proseslərdə yaxından iştirakı üçün bütün şərait yaradılıb. Bir sözlə, Azərbaycanda gənclər siyasəti çox uğurla həyata keçirilir. Gənclərimiz də bundan kifayət qədər yararlanırlar. Lakin biz gənclərimizin təfəkkürlərinin daha da inkişaf etməsini, onların parlaq gələcək naminə daha da uğurlu addımlar atmasını istəyir və buna çalışırıq", - Həsənov deyib.

Bütün bunlarla yanaşı, PA rəsmisi dövlət tərəfindən həyata keçirilən gənclər siyasəti, onunla bağlı qəbul olunmuş bir sıra qanunlar, proqram və nizamnamələrin əhəmiyyətindən danışıb, bu barədə gənclərlə müzakirə aparıb.

Daha sonra YAP fəallarını maraqlandıran suallara aydınlıq gətirilib. İpoteka kreditləri, diaspor təşkilatlarının fəaliyyəti, məşğulluq məsələləri, beynəlxalq arenada baş verən hadisələrə münasibət, sosial məsələlər və digər mövzuları əhatə edən suallardan sonra isə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına dair gənclərin təklifləri səsləndirilib.

Görüş çərçivəsində bu gün Azərbaycan gəncliyini maraqlandıran bir sıra problemlərin həlli yolları da araşdırılıb. Gənclərin təhsil və iş problemləri, gənc ailələrin güzəştli kreditlər əldə etməsi və bir sıra digər məsələlər ətraflı müzakirə olunub.

Görüşün sonunda Əli Həsənov "Yay məktəbi" layihəsinin iştirakçıları ilə xatirə şəkli çəkdirib.

Xəbər lenti

Xəbər lenti