...

Azərbaycan və İran təhsil sahəsində müştərək komissiya yarada bilər

Cəmiyyət Materials 13 İyul 2012 13:27 (UTC +04:00)
Təhsil naziri Misir Mərdanov İranın təhsil naziri Həmidrza Hacıbabayinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan və İran təhsil sahəsində müştərək komissiya yarada bilər

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir M.Əliyev/

Təhsil naziri Misir Mərdanov İranın təhsil naziri Həmidrza Hacıbabayinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Trend-in məlumatına görə, görüşdə Mərdanov bildirib ki, İranla Azərbaycanın bir çox ortaq dəyərləri, mədəniyyəti, tarixi var.

"Təhsil əlaqələrinin çox qədim tarixi var. İki ölkə arasında təhsil sahəsində bir sıra sənədlər imzalanıb", - o deyib.

Nazir qeyd edib ki, Azərbaycan universitetlərinin verdiyi diplomların İranda tanınması ilə bağlı heç bir problem yoxdur.

"Azərbaycan və İran Təhsil nazirlikləri arasında əsas müzakirə məsələsi ümumtəhsil məktəblərində dərsliklərlə bağlıdır. İki ölkənin nazirlikləri arasında müştərək komissiya yaradılmalıdır və bu məsələ geniş müzakirə olunmalıdır", - o deyib.

Mərdanov bildirib ki, Azərbaycan tərəfi artılq komissiya yaradıb və İrandan cavab gözləyir.

İranın təhsil naziri Həmidrza Hacıbabayi görüşdə bildirib ki, iki ölkənin Təhsil nazirlikləri arasında müştərək komissiyanın yaradılması mühüm əhəmiyyət kəsb edəcək. O, təhsil sahəsində bir sıra istiqamətlərdə əməkdaşlıq perspektivlərinin olduğunu deyib.

Nazir qeyd edib ki, iki ölkənin tələbələrinin və müəllimlərin mübadiləsini həyata keçirmək, birgə tələbə düşərgələri təşkil etmək olar.

O, həmçinin İranın təlim-tərbiyə sistemi ilə yaxından tanış olmaq üçün nazir Misir Mərdanovu İrana səfərə dəvət edib.

Həmidrza Hacıbabayi deyib ki, İranın uğuru Azərbaycanın uğurudur və Azərbaycanın uğuru elə İranın uğurudur.

Onun sözlərinə görə, iki ölkənin qarşılıqlı əlaqələri inkişaf etdirilməlidir. Nazir deyib ki Azərbaycan və İran arasında yaxşı münasibətlərə xor baxan bəzi xarici qüvvələr var. İki ölkə arasında bəzi problemlər olsa da, onların həli istiqamətində işlər görülməlidir.

Xəbər lenti

Xəbər lenti