...

Azərbaycanda televiziya aparıcılarına qarşı tələblər sərtləşdiriləcək

Cəmiyyət Materials 27 İyul 2012 11:12 (UTC +04:00)
Azərbaycanda televiziya kanallarına aparıcıların işə qəbulu ilə bağlı vahid mexanizmin yaradılması gözlənilir.
Azərbaycanda televiziya aparıcılarına qarşı tələblər sərtləşdiriləcək

Azərbaycan, Bakı, 27 iyul / Trend müxbir M.Əliyev/

Azərbaycanda televiziya kanallarına aparıcıların işə qəbulu ilə bağlı vahid mexanizmin yaradılması gözlənilir. Bu barədə Trend-ə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.

"Aparıcı Azərbaycan dilinin qaydalarını bilmirsə, tələffüzü mükəmməl deyilsə, o aparıcılıq etməməlidir", - Məhərrəmli bildirib.

Şura sədri müəyyən olunacaq tələblərin şou xarakterli verilişlərin aparıcılarına da şamil olunacağını deyib.

"Şou xarakterli verilişlərə bəzən aparıcılar televiziya peşəkarlığı səviyyəsi çox aşağı olan sənətçilərdən seçilir, onların elmi biliyi, savadı sıfır dərəcəsində olur. Həmin aparıcılarla işləmək lazımdır, heç olmasa o cür aparıcılar elementar dünyagörüşünə malik olsunlar, Azərbaycan tarixini, coğrafiyasını bilsinlər", - MTRŞ sədri bildirib.

O qeyd edib ki, televiziyalarda bədii şuraların bərpa olunmasına ehtiyac var və bu məsələ xeyli vaxtdır müzakirə olunur.

"Lakin hər televiziya kanalı bunu özbaşına edəcəksə, lazım olan nəticə əldə olunmaya bilər. Çünki televiziya kanalı özünə yaxın bildiyi adamı gətirib həmin bədii şuraya qoya və istədiyini həyata keçirə bilər. Buna elə bir mexanizm tapmaq lazımdır ki, onun səmərəsi olsun", - Məhərrəmli deyib.

Şura sədri bildirib ki, bu məsələləri koordinasiya edən qurum kimi MTRŞ-nin çıxış etməsinə həmin vahid mexanizm yaradılandan sonra baxılacaq.

Xəbər lenti

Xəbər lenti