...

Azərbaycanda orta məktəbi qızıl medalla bitirən şagirdlərin sayı iki dəfə artıb

Cəmiyyət Materials 1 Sentyabr 2012 11:38 (UTC +04:00)
Bu il Azərbaycanda orta məktəbləri qızıl medalla bitirən şagirdlərin sayı ötən illə müqayisədə iki dəfə artıb.
Azərbaycanda orta məktəbi qızıl medalla bitirən şagirdlərin sayı iki dəfə artıb

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Bu il Azərbaycanda orta məktəbləri qızıl medalla bitirən şagirdlərin sayı ötən illə müqayisədə iki dəfə artıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, ötən il 53 şagird qızıl və gümüş medal almışdı. Onların 37-si qızıl, 16-sı gümüş medala layiq görülmüşdü. Bu il isə 138 nəfər orta məktəbi xüsusi nailiyyətlərlə başa vurub. Onların 118-i qızıl, 20-si gümüş medal alıb.

Bu il Bakıda 25, Abşeronda 4, Sumqayıtda 3, Gəncədə 2, Yardımlıda 1, Goranboyda 2, İsmayıllıda 2, Qəbələdə 1, Gədəbəydə 1, Balakəndə 2, Tərtərdə 1 şagird qızıl medal alıb. Ölkənin digər rayon və şəhərlərində də qızıl medal alanlar var.

Qızıl medal alan 11-ci sinif şagirdlərinin 17 nəfəri Təhsil Nazirliyinə birbaşa tabe olan məktəblərdə təhsil alıb. Bakı Dövlət Universitetinin "Gənc istedadlar" liseyinin 2, Bakı Slavyan Universitetinin nəzdindəki məktəb-lisey kompleksinin 1 şagirdi məktəbi qızıl medalla başa vurub.

Bu il Bakıda birbaşa TN-in və Bakı Şəhər Təhsil İdarəsinin tabeliyində olan orta məktəblərdə gümüş medal alan məzun yoxdur. Gümüş medal alan məzunlar ölkənin bir çox rayon və şəhərlərini əhatə edir. Artıq məzunlara medallar təqdim edilib.

Qeyd edək ki, Azərbaycanda şagirdlərə qızıl və gümüş medallar Nazirlər Kabinetinin 2010-cu il yanvarın 14-də təsdiqlədiyi "Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası"na əsasən verilir.

Qızıl və ya gümüş medalla təltifi üçün namizədliyi verilən təhsilalanlardan attestata yazılan yekun qiymətləri yalnız "əla" olanlar qızıl medala, attestata yazılan yekun qiymətlərindən ən çoxu ikisi "yaxşı" (tədris dili və riyaziyyat istisna edilməklə) olanlar isə gümüş medala layiq görülürlər. Bununla yanaşı, həmin namizədlər nümunəvi davranışı ilə fərqlənən, müxtəlif səviyyəli fənn olimpiadalarında, bilik yarışlarında, müsabiqə və layihələrdə iştirak edib mükafata layiq görülən şagirdlər olmalıdır.

Xəbər lenti

Xəbər lenti