...

Azərbaycanda ölümlə nəticələnən yol qəzalarının sayı necə azaldılmalı?

Cəmiyyət Materials 13 Sentyabr 2012 13:02 (UTC +04:00)
Respublika Baş Dövlət Yol Polisi İdarəsi Azərbaycanda ölümlə nəticələnən yol qəzalarının artmasının qarşısını almaq üçün istismar müddəti bitən avtomobillərin istifadəsinin qadağan edilməsini vacib sayır.
Azərbaycanda ölümlə nəticələnən yol qəzalarının sayı necə azaldılmalı?

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Respublika Baş Dövlət Yol Polisi İdarəsi Azərbaycanda ölümlə nəticələnən yol qəzalarının artmasının qarşısını almaq üçün istismar müddəti bitən avtomobillərin istifadəsinin qadağan edilməsini vacib sayır.

İdarənin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, Azərbaycanda nəqliyyat parkının yenilənməsi vacibdir.

"Azərbaycanda qəzanın sayı enir, yaralının sayı enir, lakin ölümün sayı artır. Son 8 ayda 179 yol-nəqliyyat hadisəsinin azalması az fərq deyil. Baxmayaraq ki, il ərzində ölkədə nəqliyyat vasitələrinin sayı 73 mindən çox artıb. Ancaq qəzanın sayı azalıb. Lakin burada ölüm faktının 88 nəfər artması nədən xəbər verir? Bu gün heç kəs köhnə avtomobilindən əl çəkmək istəmir. İnsan ölümü ilə nəticələnən qəzaların əksəriyyəti istismar müddəti bitmiş həmin köhnə avtomobillərin iştirakı ilə baş verir", - Əliyev deyib.

Onun sözlərinə görə, texniki cəhətdən həmin nəqliyyat vasitələrinə nasaz demək olmasa da, o avtomobilin köhnəlməsi, onun metalının artıq zərbəyə davamlı olmaması qəza zamanı ölümü qaçılmaz edir. Bu da ölkədə çoxluq təşkil edən "VAZ" markalı avtomobillərə aiddir.

"Yəni, bunların təhlükəsizlik elementləri daha az olduğundan həmin avtomobillərin zərbəyə dözümü yoxdur və bu da qəzalarda insan ölümünün daha çox olmasına səbəb olur. İnsanlar da başa düşməlidirlər ki, bu avtomobillər maksimum 20 il istifadə oluna bilər. 20 ildən sonra avtomobilə nə qədər texniki cəhətdən qulluq etsən də, onun metalında köhnəlmə gedir. Metal artıq yeni avtomobil kimi zərbəyə davamlı olmur", - Əliyev qeyd edib.

DYP rəsmisi hesab edir ki, Azərbaycanda avtomobillər utilizasiya edilməlidir.

Onun sözlərinə görə, avtomobillərin utilizasiyası barədə hökumətin xüsusi qərarı olmalıdır.

Xəbər lenti

Xəbər lenti