Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir İ.İsabalayeva/
Bakı şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) orta məktəblərdə şagirdlərin vahid məktəbli geyiminə keçməsi ilə bağlı vəziyyəti araşdırmaq məqsədilə monitorinqlər keçirəcək. Bunu çərşənbə axşamı Trend-ə BŞTİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı deyib.
Onun sözlərinə görə, monitorinqlərin oktyabr ayı ərzində keçirilməsi nəzərdə tutulur.
Əliqızı deyib ki, bütün məktəblilər dərsə hökmən vahid məktəbli formasında gəlməlidirlər. Amma bu il bu məsələdə yeganə istisna 6-cı sinifdən 7-ci sinfə keçən şagirdlərlə bağlı olub. Orta məktəblərdə 1-6-cı siniflər üçün ayrı, 7-11-ci siniflərə isə ayrı geyim forması tətbiq edildiyi və 7-ci sinif şagirdləri də bu il yeni geyim almalı olduqları üçün onlara oktyabrın 1-dək güzəşt tətbiq edilib. Onlar yeni geyim alanadək köhnə məktəbli formasında dərsə gələ bilərlər.
İdarə rəsmisi bildirib ki, 7-ci sinif şagirdlərinə də verilən vaxt tamam olduqdan sonra monitorinqlərə başlanılacaq. Onun sözlərinə görə, əsas məqsədləri vahid məktəbli formasına keçidin 100 faiz olmasını təmin etməkdir.
Əliqızı onu da xatırladıb ki, ötən tədris ilinində aparılmış reydlərə əsasən, şagirdlərin 90-95 faizi məktəbli formasına keçib.