...

Azərbaycanın birinci xanımı “COMMONIST” müasir incəsənət sərgisinin açılış mərasimində iştirak edib (FOTO)

Cəmiyyət Materials 21 Sentyabr 2012 21:59 (UTC +04:00)
Cümə günü “YARAT!” Müasir İncəsənət Məkanında “COMMONIST” layihəsi çərçivəsində multikulturalizm mövzusuna həsr olunmuş sərgi açılmışdır. Bu barədə AzərTAc agentliyi xəbər verir.
Azərbaycanın birinci xanımı “COMMONIST” müasir incəsənət sərgisinin açılış mərasimində iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 21 sentyabr /Trend/

Cümə günü "YARAT!" Müasir İncəsənət Məkanında "COMMONIST" layihəsi çərçivəsində multikulturalizm mövzusuna həsr olunmuş sərgi açılmışdır. Bu barədə AzərTAc agentliyi xəbər verir.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış mərasimində iştirak etmişlər.

Sərgidə həyəcanlandırıcı mövzuya tamamilə müxtəlif baxışlarını əks etdirən 19 rəssamın işi nümayiş olunur. Layihənin "COMMONIST" adı hər hansı siyasidən çox, daha geniş, universal mənaya çağırışdır. "COMMONIST" sağ və ya sol baxışlara malik vətəndaş deyil, insan birgə yaşayışının dəyişən qaydaları ilə barışmaq məcburiyyətində olan vətəndaşdır. O, öz mülahizələrində ümumbəşəri dəyərləri rəhbər tutur.

Multikulturalizm yeni və çox sürətlə inkişaf edən hadisə kimi açıq həyəcandan və inadkar imtinadan tutmuş utancaq ümidə qədər son dərəcə ziddiyyətli reaksiyaya səbəb olur.
Multikulturalizmə siyasətçilər, sosioloqlar, filosoflar və yazıçılar tərəfindən yüzlərlə təriflər verilmişdir. "YARAT!" Müasir İncəsənət Məkanı hər kəsə təsir edən böyük və birmənalı olmayan fenomenin bədii interpretasiyasını təqdim edir. Müəlliflərin hər biri multikulturalizmə öz şəxsi tərifini - bəzən müsbət və ya mənfi, lakin əksər halda böyük sual işarəsini təklif edirlər.

Tədbirdə "YARAT!" qeyri-kommersiya təşkilatının təsisçisi Aida Mahmudova çıxış edərək layihə barədə məlumat vermişdir. O, Azərbaycanın müasir incəsənətinin gözəl gələcəyinə inamını ifadə etmişdir. Aida Mahmudova sərginin Sitarə İbrahimova və İsfar Sarabskinin birgə hazırladıqları "Hüdud" video musiqi performansı ilə açıldığını nəzərə çatdırmışdır.

Sərgi ilə yaxından tanış olan Mehriban xanım Əliyevaya buradakı bənzərsiz sənət nümunələri haqqında ətraflı məlumat verilmişdir. Layihənin iştirakçıları həm gənclər, həm də artıq tanınmış rəssamlardan ibarətdir: Afət Bağırova, Aida Mahmudova, Əli Həsənov, Cemma Səttar, Faiq Əhməd, Fəxriyyə Məmmədova, Fərid Rəsulov, İlkin Hüseynov, Leyla Əliyeva, Mahmud Rüstəmov, Məmməd Rəşidov, Niyaz Nəcəfov, Orxan Hüseynov, Pərviz Cəfərov, Rəşad Babayev, Sitarə İbrahimova, Tərlan Qorçu, Vüsal Rəhim.

2011-ci ildə Aida Mahmudova tərəfindən əsası qoyulmuş "YARAT!" müasir Azərbaycan incəsənətinin təbliği və inkişafı ilə məşğuldur. "YARAT!"ın qarşısına qoyduğu məqsəd və tapşırıqlar həm rəssamlığa yenicə başlayan, həm də formalaşmış rəssamlar üçün professional yaradıcılıq platformasının yaradılmasından ibarətdir.

Azərbaycanın dövlət və hökumət nümayəndələrinin, tanınmış sənət adamlarının, ziyalıların iştirak etdiyi sərgi böyük maraq doğurmuşdur.

Sonda bütün tədbir iştirakçılarına minnətdarlığını bildirən "YARAT!" qeyri-kommersiya təşkilatının təsisçisi Aida Mahmudova üzərində rəhbərlik etdiyi təşkilatın adı yazılmış tortu kəsmişdir.

Sərgi oktyabrın 22-dək davam edəcəkdir.

Xəbər lenti

Xəbər lenti