Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir İ.İsabalayeva/
Növbəti ildən peşə təhsili müəssisələrinə daxil olmaq istəyən şagirdlər sənədlərini elektron formada təqdim edə və peşə seçimini elektron formada apara bilərlər. Bunu çərşənbə axşamı Trend-ə Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisinin Samir Məmmədov deyib.
O bildirib ki, hər hansı şagird ölkədəki peşə təhsili müəssisələrinin bazasına müraciət edə və mövcud olan peşələri internet vasitəsilə araşdıra biləcək.
Digər gözlənilən yeni elektron xidmət barəsində də məlumat verən Məmmədov deyib ki, təhsil müəssisələrinin lisenziyalaşma və akkreditasiyası sahəsində də elektron xidmətin tətbiqi nəzərdə tutulur.
"Əgər sahibkar yeni müəssisə açmaq və lisenziya almaq istəyirsə, bunun üçün elektron formada müraciət edə biləcək. O, müraciətinə cavabı da elektron formada ala biləcək. Sadəcə olaraq, bütün proseslər tamamlandıqdan sonra nazirlik tərəfindən məktəbə, bağçaya və yaxud da hər hansı təhsil müəssisəsinə baxış keçiriləcək", - Məmmədov əlavə edib.
O qeyd edib ki, təhsil müəssisələri və tədris proqramlarının akreditasiyadan keçirilməsi üçün ilkin sənədlər də internet vasitəsilə təqdim olunacaq.