...

Azərbaycan hökuməti dağınıq skleroz xəstələri ilə bağlı yeni sənədləri təsdiqləyib

Cəmiyyət Materials 26 Sentyabr 2012 15:23 (UTC +04:00)
Nazirlər Kabineti "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiqləyib.
Azərbaycan hökuməti dağınıq skleroz xəstələri ilə bağlı yeni sənədləri təsdiqləyib

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Nazirlər Kabineti "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiqləyib.

Kabinetdən çərşənbə günü Trend-ə verilən məlumata görə, "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin və digər dərman preparatlarının siyahısı və miqdarı", "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydası" və "Dağınıq skleroz xəstəliyinin müalicəsində istifadə olunan yüksək effektli inyeksiya vasitələrinin və digər dərman preparatlarının Siyahısı" təsdiq edilib.

"Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin və digər dərman preparatlarının siyahısı və miqdarı"na əsasən, xəstələr ildə 2-4 dəfə nevropatoloq, okulist və terapevtlərin müayinəsindən keçməlidirlər.

"Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin inyeksiya vasitələri və digər dərman preparatları ilə təminat qaydası"na əsasən, dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslər yaşadıqları ərazi üzrə müalicə-profilaktika müəssisəsinin nevroloji kabinetində qeydiyyata alınırlar. Bu xəstələr inyeksiya vasitələrini və digər dərman preparatlarını qeydiyyatda olduqları müalicə-profilaktika müəssisəsi (ərazi poliklinikası) tərəfindən Səhiyyə Nazirliyinin müəyyən etdiyi formaya uyğun, 2 nüsxədən ibarət yazılmış resept əsasında pulsuz alırlar.

"Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi qaydası"na görə, dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sanatoriya-kurort müalicəsinə tibbi göstərişi olduqda, onlara məsləhət görülən kurort, müalicənin növü, sanatoriyanın profili və diaqnoz qeyd olunmaqla müəyyən edilmiş formada tibbi arayış verilir. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sanatoriya-kurort tövsiyəsi məsələsinin həllində onların digər xəstəlikləri də nəzərə alınmalıdır. Bu şəxslərə sanatoriya-kurort müalicəsini almaq üçün putyovkalar (yollayışlar) işləməyənlərə Azərbaycanın dövlət büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait hesabına, müəssisə və təşkilatlarda işləyənlərə isə məcburi dövlət sosial sığorta vəsaitləri hesabına verilir.

Xəbər lenti

Xəbər lenti