Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan ərazisində prekursorların idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya verilməsi məqsədilə bu ilin ilk 6 ayı ərzində Səhiyyə Nazirliyinə 6 ərizə daxil olub.
Səhiyyə Nazirliyindən cümə günü Trend-ə verilən məlumata görə, həmin müəssisələrə yerlərdə baxış keçirilib və cəmi 1 müəssisəyə lisenziya verilib.
Stasionarı olan özəl tibb müəssisələrində narkotik vasitələrin və psixotrop maddələrin istifadə olunmasına müvafiq rəy verilməsi məqsədi ilə Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən 10 müəssisəyə baxış keçirilib. Dövriyyəsinə nəzarət olunan psixotrop dərman preparatlarına xəstələrin tələbatının ödənilməsini yaxşılaşdırmaq üçün Bakı şəhərində 4 pərakəndə əczaçılıq müəssisəsinə baxış keçirilib və bu barədə müvafiq akt tərtib olunub.
2012-ci ilin ilk 6 ayı ərzində sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə 8803 tibbi müayinə aparılıb.