...

Dövlət Komitəsinin sədri: Azərbaycan-Türkiyə qardaşlığının möhkəm əsasları var (FOTO)

Cəmiyyət Materials 10 Oktyabr 2012 18:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

Bu gün Türkiyədə rəsmi səfəri çərçivəsində Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Türkiyənin diyanət işləri başqanı Mehmet Görməzlə görüş keçirib.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı İskədərov bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra milli-mənəvi dəyərlərə, dinə göstərilən qayğı və diqqət artıb, ölkə Prezidentinin başçılığı və təşəbüsü ilə son illər tarixi-dini abidələrdə geniş bərpa və quruculuq işləri aparılıb.

Eyni zamanda, Azərbaycanda bütün dinlərin tolerantlıq və qarşılıqlı hörmət şəraitində yaşadığını, dövlətin dini ayinlərin həyata keçiriləməsi üçün geniş şərait yaratdığını vurğulayan Komitə sədri inkişafda olan Azərbaycanın bu modeli dünyada, xüsusilə multikulturalizmin böhranını yaşayan Avropa ilə bölüşmək üçün bütün potensial imkanlara malik olduğunu vurğulayıb. O, sözügedən məsələlərdə Diyanət Başqanlığı ilə birgə Avrasiya coğrafiyasında müştərək layihələri həyata keçirmək üçün əməkdaşlıq təklif edib və bu təklif Türkiyə tərəfindən məmnuniyyətlə qəbul edilib.

Görüş zamanı Mehmet Görməz Diyanət Başqanlığı haqında geniş məlumat verib, o cümlədən Başqanlığın 120 min müfti, imam, müəzzin kimi işçisinin, həmçinin Türkiyədə diyanətə bağlı ümumlikdə 85 min, Avropada isə daha altı min məscidin fəaliyyət göstərdiyini bildirib. Daha sonra Mehmet Görməz Azərbaycanda səfərdə ikən ölkə başçısı İlham Əliyev ilə görüşünü xatırlayıb və görüş zamanı Prezidentin göstərdiyi qonaqpərvərlik və səmimiyyətə görə təşəkürünü bir daha ifadə edib.

Komitə sədri Elşad İskəndərov Azərbaycan və Türkiyənin qardaşlıq prinsipləri əsasında əməkdaşlığının dərin tarixi köklərinin olmasını da vurğulayıb. Bu il Xocalı soyqırımının 20-ci ildönümü ərəfəsində Türkiyənin 85 min məscidində Xocalı şəhidlərini anan və onu törətmiş caniləri lənətləyən xütbənin səslənməsinə görə Mehmet Görməzə təşəkkürünü bildirən İskəndərov milli-mənəvi dəyərlərimizin birgə qorunub saxlanmasının və artmaqda olan münasibətlərimizin mənəvi əsaslarının möhkəmləndirilməsinin də vacibliyini vurğulayıb.

Görüş zamanı Azərbaycan və Türkiyənin dini maarifləndirmə işi sahəsində əməkdaşlığının inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti