...

Təhsil Nazirliyi doktoranturalara qəbul imtahanlarının keçirilməsinə başlayacaq

Cəmiyyət Materials 17 Oktyabr 2012 11:27 (UTC +04:00)
Oktyabrın 22-dən Azərbaycanda Təhsil Nazirliyinin (TN) sisteminə daxil olan ali məktəblər və onların nəzdində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrinin doktoranturalarına qəbul imtahanları başlayacaq.
Təhsil Nazirliyi doktoranturalara qəbul imtahanlarının keçirilməsinə başlayacaq

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Oktyabrın 22-dən Azərbaycanda Təhsil Nazirliyinin (TN) sisteminə daxil olan ali məktəblər və onların nəzdində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrinin doktoranturalarına qəbul imtahanları başlayacaq.

Nazirliyin Elm şöbəsinin müdiri Gültəkin Hüseynova çərşənbə günü Trend-ə bildirib ki, qəbul imtahanları dekabrın əvvəllərində yekunlaşacaq. İmtahanların tarixlərini hər bir ali təhsil müəssisəsi TN-nin qeyd etdiyi vaxt çərçivəsində müəyyən edəcək. İmtahanlar ixtisas fənni, fəlsəfə və xarici dil üzrə olacaq.

Hüseynova deyib ki, doktoranturaya qəbul imtahanlarında iştirak üçün sənəd qəbulu oktyabrın 16-da yekunlaşıb. Yaxın 5 gün ərzində ali məktəblər namizədlərin sənədlərini emal edəcək və onların imtahana buraxılıb-buraxılmaması barədə qərar verəcək.

Qeyd edək ki, TN bu il sisteminə daxil olan ali məktəblər və onların nəzdində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələri üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul məqsədilə büdcə hesabına 325, ödənişli əsaslarla 77 yer ayırıb. Fəlsəfə doktoru proqramı üzrə dissertanturada büdcə hesabına təhsil almaq üçün 288, ödənişli əsaslarla təhsil üçün isə 89 yer müəyyənləşib.

Elmlər doktoru proqramı üzrə doktoranturaya qəbul üçün büdcə hesabına 82, ödənişli əsaslarla 3 yer ayrılıb. Elmlər doktoru proqramı üzrə dissertantların təhkim olunması planında 80 yer büdcə hesabına, 9 yer ödənişli olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti