...

Azərbaycanda dövlət dilinin istifadəsini yoxlayacaq daimi monitorinq qrupunun yaradılması təklif olunur

Cəmiyyət Materials 17 Oktyabr 2012 12:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda dövlət dilinin istifadəsinin yoxlanılmasını həyata keçirəcək daimi monitorinq qrupu yaradılmalıdır. Trend-in məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzvü Qafar Cəbiyev çərşənbə günü Strateji Araşdırmalar Mərkəzində təşkil olunan "Dövlət və dil: reallıq, perspektivlər" mövzusunda dəyirmi masada bildirib.

Onun sözlərinə görə, monitorinq qrupu MTRŞ və Mətbuat Şurasının nəzdində yaradılaraq mətbuat və televiziyada dövlət dilinin istifadəsini yoxlaya bilər. "Mediada Azərbaycan dili ilə bağlı yol verilən nöqsanlar hamının gözü qabağındadır", - Cəbiyev deyib.

Onun sözlərinə görə, hazırda efirin 100 faiz Azərbaycan dilində yayımlanmasına nail olunub. "Bu qərar qəbul olunanda MTRŞ-yə bir sıra media nümayəndələri tərəfindən şikayətlər səsləndirilsə də, zamanla bu məsələ öz həllini tapdı", - Şura üzvü qeyd edib.

O, bildirib ki, dövlət qurumlarında da dövlət dilinin istifadəsində nöqsanlar var. "Bu gün bütün rəsmi sənədlər Azərbaycan dilində tərtib olunsa da, hazırda dilin həmin qurumların işçiləri tərəfindən ünsiyyət zamanı istifadəsində problemlər var", - Cəbiyev deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti