Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir İ.İsabalayeva/
Bu il Azərbaycanda doktoranturaya qəbul olunan şəxslər yeni sistemlə təhsil ala bilərlər. Bunu Trend-ə Təhsil Nazirliyinin Elm şöbəsinin müdiri Gültəkin Hüseynova deyib.
Onun sözlərinə görə, doktoranturada kredit sisteminin tətbiqini nəzərdə tutan "Azərbaycanda doktorantura təhsilinin dövlət standartı və proqramı" artıq təsdiqlənmək üçün Nazirlər Kabinetinə təqdim edilib.
Hüseynova deyib ki, doktoranturada tədris yanvar ayından başlayacaq. Əgər müvafiq sənəd gələn ilin yanvar ayına qədər təsdiqlənsə, onda yeni qəbul olmuş doktorantlar kredit sistemi ilə oxuya biləcəklər. Əks halda, bu yenilik gələn tədris ilindən tətbiq olunacaq.
Kredit sistemi tətbiq olunduqdan sonra doktorantura səviyyəsi üzrə təhsillərini davam etdirmək istəyənlər müəyyən kreditlər toplamalı olacaqlar. Bu halda doktorantlar hazırda 3-4 il davam edən təhsil müddətlərini qısalda və onu tez başa çatdıra bilərlər.
Qeyd edək ki, hazırda Azərbaycanın ali təhsil və elmi tədqiqat müəssisələrinin doktoranturalarına qəbul prosesi aparılır.