Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan Ali Məhkəməsi "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" qanunun 5 və 12-ci maddələrinin şərh olunması üçün Konstitusiya Məhkəməsinə müraciət edib. Bu barədə Trend-ə Konstitusiya Məhkəməsindən məlumat verilib.
Ali Məhkəmənin hakimi Əsəd Mirzəliyev Trend-ə bildirib ki, qanunun 5-ci maddəsinin tələbinə görə, mənzillər özəlləşdirilərkən kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi mülkiyyətinə verilə bilər.
12-ci maddədə isə qeyd olunur ki, mənzilləri öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə öz mülahizələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərəncam verirlər: onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər.
"Əksər hallarda ailə üzvlərinin bir qismi, atanın, ananın, ya da digərinin xeyrinə həmin mənzilə mülkiyyət hüququndan imtina edir. Mülkiyyətçi gələcəkdə həmin mənzili satanda, bağışlayanda, vəsiyyət edəndə belə, qeydiyyatda olan ailə üzvlərinin razılığı olmalıdır. Bu isə, mülkiyyət hüququnun pozulmasıdır. Çünki, şəxs həmin mənzilin mülkiyyətçidirsə, niyə bu məhdudiyyət olmalıdır?", - Mirzəliyev deyib.
Onun fikrincə, digər bir ziddiyyət vəsiyyətnamə sirrinin pozulması ilə bağlıdır.
Hakimin sözlərinə görə, qanun vəsiyyətnamənin sirr kimi saxlanılmasını nəzərdə tutur.
"Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" qanunun məzmunundan belə çıxır ki, mülkiyyətçi həmin mənzili vəsiyyət edəndə digər ailə üzvlərinin razılığını almalıdır, yəni digər ailə üzvləri həmin vəsiyyətnamə barədə məlumatlandırılmış olur. Bu zaman isə vəsiyyətnamə sirri pozulur", - Mirzəliyev vurğulayıb.