...

Azərbaycanda sərxoş sürücülərin avtomobil nömrə nişanına xüsusi işarə qoyulmalıdır?

Cəmiyyət Materials 24 Oktyabr 2012 16:18 (UTC +04:00)
Azərbaycanda sərxoş sürücülərin əllərinə damğa vurulması, avtomobilin nömrə nişanına xüsusi işarənin qoyulması kimi cəzaların tətbiqi real deyil.
Azərbaycanda sərxoş sürücülərin avtomobil nömrə nişanına xüsusi işarə qoyulmalıdır?

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda sərxoş sürücülərin əllərinə damğa vurulması, avtomobilin nömrə nişanına xüsusi işarənin qoyulması kimi cəzaların tətbiqi real deyil.

Millət vəkili Çingiz Qənizadə Trend-ə bildirib ki, bu təkliflər Rusiyanın qanunverici orqanına təqdim olunub.

Artıq bu barədə Rusiyanın Baş naziri Dmitri Medvedevə bir neçə yeni təklif göndərilib.

Təklifdə qeyd olunub ki, sürücülər avtomobili sərxoş halda idarə etdikləri təqdirdə onların əllərinə damğa vurulsun, nömrə nişanına xüsusi işarə qoyulsun, pasporta ştamp vurulsun və sürücülük vəsiqəsi deşilsin.

Qənizadə bildirib ki, bu sahədə Rusiya ilə Azərbaycanı eyniləşdirmək düzgün olmazdı. Belə ki, Rusiyada sərxoş sürücülər tərəfindən törədilən yol qəzaları və qeydə alınan yol qayda pozuntuları daha çoxdur. Bu səbəbdən də orada həmin sürücülərə qarşı cəzaların sərtləşdirilməsi zəruridir.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, Azərbaycanda il ərzində orta hesabla 20-21 min sərxoş sürücü aşkar edilir.

Onun sözlərinə görə, bu ilin 9 ayında aşkar edilmiş belə sürücülərin sayı 14 mindən artıq olub.

Həmin müddətdə avtomobilin sərxoş idarə edilməsi səbəbindən 64 yol qəzası qeydə alınıb, 30 nəfər ölüb, 71 nəfər xəsarət alıb. Bu isə qeydə alınmış ümumi hadisələrin 3 faizidir.

Əliyev bu problemin Azərbaycan üçün aktual olmadığını və Rusiyada olduğu kimi cəzaların sərtləşdirilməsini labüd saymır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti