...

Bakıda keçirilən "City Challenge" yarışları ilə bağlı təşkilati işlər yüksək qiymətləndirilib

Cəmiyyət Materials 27 Oktyabr 2012 15:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Bakıda keçirilən "City Challenge" yarışları ilə bağlı təşkilati işlər yüksək səviyyədədir. Trend-in məlumatına görə, bunu şənbə günü keçirilən mətbuat konfransında yarışın media direktoru Rene D.Bayer deyib.

Onun sözlərinə görə, yarışa böyük maraq var.

Bu gün Bakıda "City Challenge" yarışlarının təsnifatlandırma sessiyası və sprint yarışlarına start verilib.

Trend-in məlumatına görə, yarışlara Azadlıq meydanından start verilib. Yarışlarda Porsche 911, Aston Martin Vantage GT3, Audi R8 LMS, BMW Z4 GT3, Ferrari 458 İtalia GT3, Lamborghini Gallardo LP 600+ və Mercedes Benz SLS AMG GT3 markalı avtomobillər iştirak edir.

Dünən City Challenge GT, Classic Qran Pri və GYMKHA şəhər Driftinq yarışlarının məşq sessiyası keçirilib. Oktyabrın 28-i isə əsas yarış günüdür. Bütün kateqoriyalar üzrə mühərriklərin qızdırılması və starta hazırlığı, ardınca GT sürücülərin paradı və yarış olacaq.

"City Challenge" yarışının 2,1 km uzunluğundakı yarış zolağı Hökumət Evi ətrafındadır. Yarışda 13 komanda olmaqla hər komandanı 2 sürücü-pilot təmsil edir. Yarışda bütün təhlükəsizlik qaydaları beynəlxalq standartlara və yerli avtoidman federasiyasının tələblərinə uyğun tətbiq olunur.

Qeyd edək ki, oktyabrın 25-də yarışda iştirak edəcək avtomobillərin paradı keçirilib.

Yarış avtomobilləri əvvəlcə Azadlıq meydanının qarşısında nümayiş etdirilib. Sonra avtomobillər onlara ayrılan marşrut üzrə - dəniz kənarında hazırlanmış müvəqqəti yarış zolağından bütün yolları keçərək "Kempinski Hotel Badamdar"a hərəkət ediblər.

Yarışı dünyanın 120 ölkəsində 300 milyona qədər insan izləyəcək və bütün diqqət Bakıya yönələcək.

Qeyd edək ki, daha öncə yarış avtomobillərinin pilotları avtoqraf veriblər. "Park Bulvar"da keçirilən təqdimatda pilotlardan Kərim Əl Əsxari (BƏƏ), Niki Tim (Danimarka) və Filipp Enq (Avstriya) olublar.

Xatırladaq ki, yarışlar oktyabrın 27 və 28-də də davam edəcək.

Bakıdan əvvəl "City Challenge" avtomobil yarışı Budapeşt və Buxarestdə keçirilib.

Yarışların nəticələri bazar günü elan olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti