...

İslam dünyasının müqəddəs məkanları dağıdılır

Cəmiyyət Materials 31 Oktyabr 2012 17:13 (UTC +04:00)
Səudiyyə Ərəbistanında İslam dünyasının ən müqəddəs abidələrindən biri, Məhəmməd Peyğəmbərin də məzarının olduğu "Məscid ən-Nəbəvi" (Peyğəmbər məscidi) sökülmək ərəfəsindədir.
İslam dünyasının müqəddəs məkanları dağıdılır

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir X.Murtuzayeva/

Səudiyyə Ərəbistanında İslam dünyasının ən müqəddəs abidələrindən biri, Məhəmməd Peyğəmbərin də məzarının olduğu "Məscid ən-Nəbəvi" (Peyğəmbər məscidi) sökülmək ərəfəsindədir. Bu barədə Trend Türkiyə KİV-ə istiandən məlumat verir.

"Məscid ən-Nəbəvi" 6 milyard dollarlıq nəhəng bir məscid layihəsinin həyata keçirilməsi üçün söküləcək.

Qeyd edək ki, hicrətdən sonra Mədinədə Məhəmməd Peyğəmbər və səhabələr tərəfindən inşa edilən, Peyğəmbər məscidi kimi tanınan "Məscid ən-Nəbəvi" Məkkədəki "Məscid-ül-Həram"dan sonra İslam dünyasının ikinci ən müqəddəs məscidi sayılır. Bu müqəddəs məkanda, Məhəmməd peyğəmbərin yanında Əbu Bəkir və Ömərin də qəbirləri var.

Peyğəmbər məscidində inşaat işlərinə cari Həcc ziyarəti dövrü başa çatar-çatmaz, yəni noyabr ayının sonundan başlamaq planlaşdırılır. Buna baxmayaraq, bu məsələ ilə bağlı müsəlman aləmi hələlik reaksiya verməyib.

"Məscid ən-Nəbəvi" yenidən inşa olunduqdan sonra dünyanın ən böyük binası (1,6 milyon nəfərlik) olacaq.

Səudiyyəlilər hər il ziyarətçi axınına məruz qalan müqəddəs məkanın genişləndirilməsinə ehtiyac olduğunu söyləyərək layihəni müdafiə etsələr də, tikinti işlərinin məscidin ətrafına və VII əsrdən qalan tarixi tikililərə təsirinin necə olacağı barədə heç bir şərh vermirlər.

Vaşinqtondakı "Gulf Institute" beyin mərkəzinin məlumatına görə, son 20 il ərzində Məkkə və Mədinədə olan tarixi abidələrin 95 faizi sökülərək yerində yeni binalar tikilib. Səudiyyəlilər 2002-ci ildə müqəddəs Məkkədə Osmanlı imperiyası dövründə Kəbəni qorumaq məqsədilə inşa edilən Əcyad qalasını dağıdaraq yerində lüks hotellər tikiblər. Məkkədə inşa edilən "Jabal Ömər Kompleksi" ndə 520 restoran və 4 360 mağaza yerləşir.

İslam Araşdırmaları Fondunun prezidenti İrfan əl-Ələvi "Russia Today" saytına müsahibəsində bildirib ki, tarixi abidələrin sökülməsi ilə həyata keçirilən bu cür layihələrin məqsədi "zəngin zəvvarlardan daha çox pul qazanmaqdır". Fondun prezidentinin sözlərinə görə, gələcəkdə Həcc ziyarəti "yoxsul zəvvarların hacı ola bilməyəcəyi qədər bahalı" olacaq.

Qeyd edək ki, Türkiyənin Ədalət və İnkişaf Partiyasından keçmiş millət vəkili professor Nevzat Yalçıntaş 2008-ci ildə səudiyyəlilərin Məhəmməd Peyğəmbərin məzarının sökülməsinə hələ 1926-ci ildə təşəbbüs etmələrini gündəmə gətirmişdi. O zaman Yalçıntaş iştirak etdiyi televiziya proqramlarından birində bildirmişdi: "Sərhədləri daxilindəki bütün qəbiristanlıqları dağıdırdılar. Mustafa Kamal Atatürk dağıdılmaq növbəsinin Məhəmməd Peyğəmbərin məzarına çatdığını öyrənən kimi Səudiyyə Ərəbistanı rəhbərliyinə teleqram vurdu: "Əgər bircə daşına belə toxunsanız, ordumu göndərəcəyəm". Bundan sonra səudiyyəlilər Məhəmməd Peyğəmbərin məzarına toxunmadılar. Amma bu teleqram sonralar məhv edildi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti