...

Allahşükür Paşazadə sünni və şiələrə tövsiyələrini verdi

Cəmiyyət Materials 13 Noyabr 2012 11:58 (UTC +04:00)
Azərbaycanda Məhərrəm ayı ilə bağlı keçirilən tədbirlər qanun çərçivəsində olmalıdır.
Allahşükür Paşazadə sünni və şiələrə tövsiyələrini verdi

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir T.Cəfərov/

Azərbaycanda Məhərrəm ayı ilə bağlı keçirilən tədbirlər qanun çərçivəsində olmalıdır. Trend-in məlumatına görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam hacı Allahşükür Paşazadə Qazılar Şurasının bu gün keçirilən iclasında deyib.

"Azərbaycanın öz qanunları var. Bu qanunlar çərçivəsində tədbirlər keçirilməlidir. Elə edilməlidir ki, İslama zərər gəlməsin. Bəzi şiələr də, sünnilər də ifrat davranırlar. İnanmıram ki, hansısa sünninin İmam Hüseynə münasibəti sevgi ilə olmasın. Peyğəmbərin qucağında böyüyən insana qarşı bütün müsəlmanların münasibəti eyni olmalıdır", - Paşazadə əlavə edib.

QMİ sədrinin sözlərinə görə, fətva ilə əlaqədar keçirilən məclisdə kimsə sünnilərin əleyhinə, müsəlmançılığı parçalayan fikirlər söyləyəcəksə, o cəzalanacaq.

"Bəziləri burada hansısa fikirlərlə ölkədə çaxnaşma yaratmağa, dini ayrı-seçkilik etməyə çalışırlar. Biz buna limkan verməyəcəyik. Bizim kimin nə iş görməsindən xəbərimiz olacaq. İlk dəfədir ki, sünniləri də Məhərrəm ayı ilə əlaqədar məclisə dəvət etmişəm. Adətən bu məclisə şiə axundlar çağırılırdı. İmam Hüseyn hamınındır. Həm sünni, həm də şiələrindir. Ona görə ki, Peyğəmbərin balasıdır və bizim üçün də əzizdir. Peyğəmbərin balası Fatimə, İmam Hüseyn, Həzrəti Əli bizim hamımız üçün əzizdir", - Paşazadə deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti