...

Dünyada insanları öldürən xəstəlik

Cəmiyyət Materials 14 Noyabr 2012 09:26 (UTC +04:00)
Diabet ən geniş yayılmış qeyri-yoluxucu xəstəliklərdən biridir. Dünyada 350 milyon insan diabetdən əziyyət çəkir - onların 80%-i inkişaf etməkdə olan ölkələrin payına düşür.
Dünyada insanları öldürən xəstəlik

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

Diabet ən geniş yayılmış qeyri-yoluxucu xəstəliklərdən biridir. Dünyada 350 milyon insan diabetdən əziyyət çəkir - onların 80%-i inkişaf etməkdə olan ölkələrin payına düşür. Əhalinin yaşlanması və qeyri-sağlam həyat tərzi xəstəliyin hər il bir az daha artmasına səbəb olur. Trend-in məlumatına görə, bunu BMT-nin baş katibi Pan Gi Mun dünya əhalisinə müraciətində deyib.

"Diabet xəstəliyi vaxtında aşkarlanıb müalicə edilməzsə, sonradan sağlamlıqla bağlı ciddi narahatlıqlar yarada bilər. Hər il üç milyondan çox diabet xəstəsi ürəktutma, iflic və böyrək çatışmazlığı kimi problemlər səbəbindən dünyasını dəyişir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, diabetlə bağlı ölüm halları 2030-cu ilə qədər üçdə iki dəfə artacaq", - Pan Gi Mun deyib.

Onun sözlərinə görə, diabet inkişafa təsir göstərir. Yoxsul əhali qeyri-mütənasib şəkildə təhlükə ilə üz-üzə qalır və bu təsirə məruz qalmış ailələr daha çox yoxsullaşırlar.

"Diabet xəstəliyi milli səhiyyə sistemlərinə mənfi təsir göstərir və 2015-ci ilə qədər Minilliyin İnkişaf Məqsədləri, həmçinin aşağı və orta gəlirli ölkələrdə çətin qazanılmış inkişaf nailiyyətlərini itirmək qorxusu yaradır. Dünya üzrə bütün dövlətlər vətəndaşlarını diabet riskini artıran amillərdən qorumaq üçün mübarizə aparır. Bu amillərə qeyri-sağlam qidalanma, fiziki fəaliyyətsizlik və alkoqoldan istifadə daxildir. Bir çox dövlətlər ehtiyacı olanları diabetlə bağlı zəruri məlumat, müalicə və qayğı ilə təmin edərkən problemlərlə üzləşir", - baş katib müraciətində bildirib.

Qeyd edək ki, 2011-ci ilin sentyabrında BMT Baş Assambleyası diabet və digər qeyri-yoluxucu xəstəlikləri qlobal səhiyyə və inkişaf problemi kimi tanımış; bu xəstəliklərin qarşısının alınması və onların üzərində nəzarətin gücləndirilməsinə dair tapşırıqlar vermişdir. 2012-ci ilin mayında keçirilən Ümumdünya Səhiyyə Assambleyası zamanı hökumətlər xroniki xəstəliklərin səbəb olduğu vaxtsız ölüm hallarının 2025-ci ilə qədər 25% azaldılmasına dair yeni və arzuolunan məqsəd irəli sürmüşlər.

"Biz diabet təhlükəsi ilə bağlı maarifləndirmə tədbirlərini həyata keçirməklə bu məqsədi əhəmiyyətli dərəcədə inkişaf etdirə bilərik. Fiziki fəaliyyət və sağlam qidalanma kimi effektiv müalicə vasitələri bütün hökumətlər tərəfindən aktiv şəkildə təbliğ edilməlidir. İlkin tibbi yardım düzgün diaqnoz qoymaq və diabeti tez aşkar edə bilmək üçün gücləndirilməlidir. Səhiyyə təşkilatları qanda şəkərin miqdarını ölçən ucuz cihazlar kimi münasib texnologiya və dərmanları təkmilləşdirərək bu işə töhfə verə bilərlər. Ticarət müəssisələri - xüsusən uşaqlar üçün hazır qida məhsulları satan müəssisələr isə bazarları daha sağlam və daha davamlı ərzaq məhsulları ilə təmin edə bilər. Ümumdünya Diabet Günündə diabetin qarşısını almaq və bu xəstəlikdən əziyyət çəkən hər bir kəsin, xüsusilə yoxsul və əlverişsiz şəraiti olanların həyat səviyyəsini qaldırmaq üçün daha böyük birgə mübarizə yollarına əl ataq", - baş katib deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti