...

Azərbaycanda kontraseptiv vasitələrin dövlət tərəfindən təmin olunması gözlənilir

Cəmiyyət Materials 21 Noyabr 2012 15:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda kontraseptiv vasitələrin dövlət tərəfindən pulsuz təmin olunması gözlənilir.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli çərşənbə günü Trend-ə bildirib ki, ictimai müzakirələr üçün təqdim olunan "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsinə arzuolunmaz hamiləliyin qarşısının alınması üçün kontraseptiv vasitələrin dövlət tərəfindən təmin olunması məsələsinin daxil edilməsi gözlənilir.

Onun sözlərinə görə, xüsusən də ölkənin rayon yerlərində maddi imkanı olmayan şəxslər vaxtında arzuolunmaz hamiləliyin qarşısının alınmasında aciz olurlar.

"Ana bətnindəki uşağın abort olunmasındansa, bu məsələni qabaqcadan düşünmək daha düzgündür. Bu məsələyə dövlət də öz dəstəyini verə bilər", - Rəcəbli deyib.

"Reproduktiv sağlamlıq haqqında" qanun layihəsində qeyd olunur ki, hər kəs arzuolunmaz hamiləliyinin qarşısının alınması məqsədilə kontrasepsiyadan istifadə edə, həmçinin kontrasepsiya üsullarını sərbəst surətdə seçə bilər.

Həmçinin qeyd olunur ki, tibb müəssisəsi arzuolunmaz hamiləliyin qarşısının alınması məqsədilə tibbi yardımın növünü (kontrasepsiya üsulunu) müəyyən edərkən, eləcə də hamiləliyin arzuolunmaz nəticələri haqqında xəbərdarlıq edərkən şəxsin sağlamlıq vəziyyətini, yaş və fərdi xüsusiyyətlərini nəzərə almalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti