...

Bakıda tıxac probleminin həlli üçün ali məktəblərdə dərslərin başlanma saatı dəyişdiriləcək?

Cəmiyyət Materials 14 Dekabr 2012 10:56 (UTC +04:00)
Bəzi ekspertlər belə hesab edirlər ki, səhər saatlarında Bakıda nəqliyyatın hərəkətində yaranmış sıxlığın aradan qaldırılması üçün ali məktəblərdə dərslərin başlanma vaxtının dəyişdilməsi çox səmərəli olar.
Bakıda tıxac probleminin həlli üçün ali məktəblərdə dərslərin başlanma saatı dəyişdiriləcək?

Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Bəzi ekspertlər belə hesab edirlər ki, səhər saatlarında Bakıda nəqliyyatın hərəkətində yaranmış sıxlığın aradan qaldırılması üçün ali məktəblərdə dərslərin başlanma vaxtının dəyişdilməsi çox səmərəli olar. Onlar son zamanlar avtomobillə dərsə gedən tələbələrin sayının artmasını və səhər saat 9:00-da müəssisələrin çoxunda iş vaxtının başlamasını nəzərə alaraq təklif edirlər ki, ali məktəblərdə dərslər saat 8:30-9:00-da deyil, bir qədər gec, məsələn 10:00-da,11:00-da başlasın. Bu təklifə münasibət isə bimənalı deyil.

"XXI əsr" Təhsil Mərkəzinin sədri Etibar Babayev Trend-ə bildirib ki, ali məktəblərdə dərslər daha gec saatlarda başlasa, onda dərslər iki növbədə deyil, bir növbədə kecirilməlidir. Ancaq ekspert hesab edir ki, dərslərin başlanma saatının dəyişdirilməsi sadə deyil. Bu, bir çox amillərdən - ali məktəblərin auditoriya fondundan, laboratoriya şəraitindən, müəllimlərin əməkhaqlarından və məktəblərin İKT ilə təminatından asılıdır.

Onun sözlərinə görə, hazırda ali məktəblərin çoxunun auditoriya fondu geniş deyil. Şəhərin mərkəzində yerləşən bu məktəblərin öz auditoriyalarını genişləndirmək imkanı da yoxdur. Ancaq məktəblər auditoriyalarının sayını iki dəfə genişləndirərsə, onda ali məktəb bütün ixtisaslar üzrə dərslərinə eyni saatda başlaya bilər.

Babayevin fikrincə, ali məktəblər Bakının mərkəzindən kənara köçürülərsə, onların dərs saatları dəyişdirilə bilər.

Ekspert deyib ki, bu gün məktəblərdə bəzi dərslər laboratoriyalarda və informasiya texnologiyaları ilə təchiz edilmiş otaqlarda keçirilməlidir. Ancaq məktəblərdə laboratoriyaların və İKT ilə təmin edilmiş otaqların sayı az olduğundan dərslərin növbəlilik prinsipi ilə keçirilməsi zərurəti yaranır. Bu da məktəblərdə dərslərin eyni vaxtda başlamasına maneçilik törədir.

Babayev bildirib ki, bu gün müəllimlərin əməkhaqları yüksək olmadığından onların bir çoxu iki məktəbdə işləməli olurlar. Ona görə də ali məktəblərdə dərslərin başlanma saatını dəyişərkən mütləq müəllimlərin hər iki məktəbdə keçəcəyi dərs saatlarının bir-biri ilə üst-üstə düşməməsi nəzərə alınmalıdır. Əks halda, iki yerdə işləyən müəllim iş yerlərindən birini itirə bilər.

Azərbaycan Müəllimlər İnstitutunun rektoru, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Aqiyə Naxçıvanlı Trend-ə müsahibəsində deyib ki, ali məktəblərdə dərslər 9:00-da, uzağı 10:00-da başlaya bilər. Ancaq dərslər 10:00-dan sonra başlasa, müəyyən problemlər ortaya çıxa bilər. Millət vəkilinin sözlərinə görə, ali məktəblər Boloniya prosesinin tələbələrinə uyğun olaraq, kredit sistemimə keçdiyi üçün burada təhsil mütləq ikinövbəli olmalıdır.

"Tələbələr dinləmədəyi fənləri ikinci növbədə dinləməlidirlər. Əgər dərslər gec başlasa, onda ikinci növbədə təhsil alanlar evə çox gec çata bilərlər. Dərslər 10:00-dan gec başlasa, onda ikinci növbə gecəyə qalır. O gedib səhərki dərslərini nə vaxt hazırlamalı, nə vaxt istirahət etməlidir? Bunları da düşünmək lazımdr", - Naxçıvanlı deyib.

Təhsil Nazirliyindən isə Trend-ə bildirilib ki, məktəblər tədris ilinin ortasında dərslərin başlanma vaxtını dəyişə bilməzlər. Çünki hər il ali məktəb dərslərin başlanma saatını 9:00-dan gec olmamaq şərtilə öz daxili nizamnaməsi ilə təsdiqləyir. Məktəblər dərslərini 8:00-da, 8:30-da, az halllarda isə 9:00-da başlayırlar. İki növbədə işləyən ali məktəblər dərslərini daha tez başlayırlar. Bu həm də iki növbə arasında müəyyən qədər fasilənin yaranmasına və müəllimlərin həmin fasilədə dincəlməsinə imkan verir.

Yollardakı hərəkət sıxlığının aradan qaldırılması üçün dərslərin 9:00-dan sonra başlanmasının mümkünlüyünə gəldikdə, nazirlikdən deyilib ki, yollarda yaranan nəqliyyat sıxlığı hələlik tələbələrin vaxtında dərsə gəlməsi üçün ciddi problemlər yaratmayıb.

"Hələ elə bir ciddi problem ortaya çıxmayıb. Əgər hər hansı müəssisədə tələbələrin 50-60 faizinin I dərs saatına gələ bilmədiyi aşkarlansa, onda vaxtın dəyişdilməsi müzakirə oluna bilər. Ancaq hələlik buna əsas yoxdur", - nazirlikdən bildirilib.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev isə Trend-ə bildirib ki, əksər idarələrdə iş saat 9:00-da başlayır. Bu səbəbdən də 8:30-dan 9:00-a kimi yollarda həddindən artıq çox sıxlıq olur.

Şöbə rəisi hesab edir ki, səhər saatlarında yollarda avtomobillərin hərəkətində yaranan sıxlığı aradan qaldırmaq üçün dərslərin başlanma saatını dəyişdirməkdənsə, bəzi müəssisələrdə iş saatının başlanma vaxtının dəyişdirilməsi daha yaxşı olar.

"Bəzi özəl təşkilatların işə saat 9:00-da başlaması vacib deyil. Onlar işə saat 9:30, 10:00-da başlaya bilərlər. Elə sahə var ki, orada işə bəlkə də 7:30-da da başlamaq mümkündür. Yəni belə etməklə bu məsələni müəyyən qədər tənzimləmək olar", - Əliyev deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti