Azərbaycan, Bakı, 25 dekabr /Trend/
Bayram ərəfəsində gömrük nəzarətindən gizli pirotexniki məhsulları, partlayıcı maddələri ölkəmizə gətirməyə cəhd göstərən cinayətkar ünsürlərin sayında artım müşahidə olunur.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu günlərdə Xaçmaz Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Rusiya Federasiyası istiqamətindən respublikamıza gələn Azərbaycan vətəndaşları - Həsənov Azad Xasay oğlu və Məmmədyarov İbrahim Ramiz oğlunun idarə etdikləri "Mercedes Benz C 230" markalı, 90 EC 891 dövlət nömrə nişanlı və "Mercedes Benz 220 CDI" markalı 90 MG 577 dövlət nömrə nişanlı nəqliyyat vasitələri "Samur" gömrük postunda gömrük baxışına cəlb olunub.
Sürücülərin və hal şahidlərinin iştirakı ilə keçirilmiş baxış zamanı 11 ədəd qara və qırmızı rəngli idman çantalarından, üzərində "saxar, pesok" yazılmış 27 ədəd 10 kiloqramlıq kisələrdə, ümumi çəkisi 220 kiloqram olan partlayıcı maddə - barıt aşkar edilib.
Bakı Baş Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən "Sədərək" Ticarət Mərkəzində həyata keçirilən əməliyyat tədbirləri nəticəsində isə külli miqdarda pirotexniki məmulatlar və fişənglər aşkar edilib. Belə ki, adıçəkilən ticarət mərkəzində Azərbaycan Respublikası vətəndaşları - Şəfəqqətov Eldost Elşad oğlu, Rəhimov Maqsud Böyükağa oğlu, Şahbazov Nizami Şahbaz oğlu və Ağayev Ramin Ayaz oğlundan Çin Xalq Respublikasında istehsal olunmuş, Azərbaycan Respublikasına gətirilməsi barədə heç bir müvafiq sənədi olmayan 431 min 109 ədəd yüksək səs qabiliyyətinə malik pirotexniki məmulatlar və 685 ədəd fişənglər aşkarlanaraq götürülüb.
Bütün faktlarla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.