Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir İ.İsabalayeva/
Gələcəkdə Azərbaycanda ali məktəblərin ibtidai sinif müəllimi hazırlığı ilə məşğul olan fakültələrində tələbələrə şahmat tədris edilə bilər. Bu barədə çərşənbə günü Trend-ə Təhsil Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, ali məktəblərdə şahmatın tədrisi zaçot, imtahan proqramına da ayrıca daxil edilə və ya hansısa fənnin tərkibində keçirilə bilər.
Ali məktəblərdə şahmatın nə zamandan keçiriləcəyinə gəldikdə, nazirlikdən deyilib ki, orta məktəblərdə şahmatın tədrisi ilə bağlı monitorinq aparılacaq. Bundan sonra onun nəticələrindən asılı olaraq, həmin məsələ də müzakirə olunacaq.
Qeyd edək ki, orta məktəblərdə şahmatın tədrisinə bu ilin yanvarından başlanılıb. Hazırda 75 pilot məktəbin III, 379 məktəbin isə II sinif şagirdlərinə şahmat tədris edilir. Gələn il III siniflərində şahmat keçilən məktəblərin IV siniflərində də bu fənn tədris ediləcək.