...

Nuşirəvan Məhərrəmli: İnternet televiziyalarının lisenziyasız fəaliyyət göstərməsi haqsızlıqdır

Cəmiyyət Materials 10 Yanvar 2013 11:54 (UTC +04:00)
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli internet televiziyalarının lisenziyasız fəaliyyət göstərməsini lisenziya ilə fəaliyyət göstərən digər telekanallara qarşı haqsızlıq sayır.
Nuşirəvan Məhərrəmli: İnternet televiziyalarının lisenziyasız fəaliyyət göstərməsi haqsızlıqdır

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir E.Mehdiyev/

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli internet televiziyalarının lisenziyasız fəaliyyət göstərməsini lisenziya ilə fəaliyyət göstərən digər telekanallara qarşı haqsızlıq sayır.

Məhərrəmli Trend-ə bildirib ki, televiziya və radio yayımı lisenziyalaşdırılan sahədir. Əgər kabel televiziyası bu fəaliyyətini lisenziyalaşdırırsa və buna görə dövlətə rüsum ödəyirsə, internet televiziyası da bunu etməlidir.

"Əgər internet sahəsində tamamilə azadlıq varsa, ondan sui-istifadə etmək olmaz. Necə olur ki, kabel televiziyası əziyyət çəkir, dövlətə rüsum ödəyir, ancaq digər bir şəxs eyni sahə - televiziya və radio yayımı ilə məşğul olur, ancaq bunun üçün hər hansı rüsum ödəmir?", - Şura sədri deyib.

O əlavə edib ki, bu gün internet televiziyalarının fəaliyyətinin tənzimlənməsi mexanizmi yoxdur. Buna görə də ona nəzarət mümkün deyil.

"Dünyanın istənilən nöqtəsindən hər hansı bir şəxs internet televiziyası aça bilər. Bunu kim, necə açır, biz ona necə nəzarət edəcəyik? Bu mexanizm olmadığı üçün bu gün biz bunu edə bilmirik. Ümumiyyətlə, dünya ölkələrində də bunu edə bilmirlər", - Məhərrəmli deyib.

MTRŞ rəhbəri qeyd edib ki, həm internet, həm də kabel televiziyaları eyni işi görür və onların hər ikisinin təsir imkanları həddindən artıq böyükdür. Buna görə də internet televiziyasının fəaliyyətini də müəyyən formada tənzimlənməyə ehtiyac var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti