...

Azərbaycanlı deputat dərsi pozan şagird və tələbələrə qarşı inzibati cəzaların qanunvericilikdə əksini tapmasının tərəfdarıdır

Cəmiyyət Materials 16 Yanvar 2013 13:02 (UTC +04:00)
Azərbaycanda dərsi pozan şagird və tələbələrə qarşı inzibati cəzalar qanunvericilikdə mütləq öz əksini tapmalıdır.
Azərbaycanlı deputat dərsi pozan şagird və tələbələrə qarşı inzibati cəzaların qanunvericilikdə əksini tapmasının tərəfdarıdır

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda dərsi pozan şagird və tələbələrə qarşı inzibati cəzalar qanunvericilikdə mütləq öz əksini tapmalıdır. Bunu çərşənbə günü Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı deyib.

Onun sözlərinə görə, bu cəzalar şagirdin, tələbənin maddi cəhətdən cəzalanması, dərsdən kənarlaşdırılması, müəllimlə hər hansı problemi olduqda şagirdin sinfinin dəyişdirilməsi ola bilər.

"Bəzi ölkələrdə şagirdin, tələbənin dərsə davamiyyəti və digər hallarla bağlı problemlər yarandıqda onlar orta və ali məktəblərə müəyyən miqdarda pul köçürürlər. Belə bir cəza da ola bilər", - Naxçıvanlı deyib.

Millət vəkili hesab edir ki, inzibati cəzaların nələrdən ibarət ola biləcəyini ilk növbədə məktəblər özləri fikirləşməlidirlər. Onun fikrincə, amma inkişaf etmiş cəmiyyətdə yaşadığımızdan şagird üçün cəza tədbiri tapmaq da düzgün deyil.

Naxçıvanlının sözlərinə görə, müəllimin şagirdə əl qaldırması müəllimliyə yaraşmayan haldır. Müəllim öz şagirdinə müxtəlif üsullarla təsir edə bilər. Müəllim bunun üçün şagirdin valideynini məktəbə dəvət edə, şagirdin özü ilə fərdi söhbət apara, hadisənin başvermə səbəbini aydınlaşdıra bilər.

Qeyd edək ki, Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar tərbiyə şöbəsinin müdiri Ağababa İbrahimov öncə Trend-ə bildirib ki, dərs prosesini pozan şagird ən azı hansısa inzibati cəzalara məruz qala, cərimələnə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti