...

Qlobal iqlim dəyişkənliyinin Bakıya təsiri

Cəmiyyət Materials 22 Yanvar 2013 14:25 (UTC +04:00)
Qlobal iqlim dəyişkənliyi Bakıda küləkli günlərin sayının və küləyin sürətinin azalmasına gətirib çıxarıb.
Qlobal iqlim dəyişkənliyinin Bakıya təsiri

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Qlobal iqlim dəyişkənliyi Bakıda küləkli günlərin sayının və küləyin sürətinin azalmasına gətirib çıxarıb. Bunu Trend-ə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov deyib.

Onun sözlərinə görə, iqlim dəyişkənliyi Azərbaycanın rayonlarında küləkli günlərin sayının və küləyin sürətinin artmasına səbəb olub.

"Bakıda güclü küləklər əvvəllər də olub. Ancaq artıq Bakıda əvvəlki küləklər olmur, indi müəyyən dəyişikliklər baş verib. Son zamanlar Bakıda küləkli günlərin sayı 20-30 il əvvəllə müqayisədə azdır. Son zamanlar rayonlarda küləklər daha çox əsir", - Süleymanov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda sel və daşqınların artması, bəzi vaxtlarda yağıntının miqdarının normadan çox olması da iqlim dəyişikliyinin təsiridir.

Süleymanov son günlər ölkədə müşahidə edilən isti hava şəraitini qlobal iqlim dəyişkənliyi ilə əlaqələndirməyib.

Onun sözlərinə görə, bir gün, hətta bir ay ərzində fəsil üçün xarakterik olmayan hava şəraitinin müşahidə edilməsini dəyişikliklə əlaqələndirmək olmaz.

Mərkəz rəsmisi qeyd edib ki, ümumiyyətlə, Şərqi Avropa Regional Mərkəzi Azərbaycanda qış fəslində - dekabr, yanvar, fevral aylarında havanın mülayim keçəcəyi barədə əvvəlcədən proqnoz vermişdi. Proqnozlara əsasən, Azərbaycanda yalnız qış aylarının bəzi günlərində Arktik axınların ölkəyə daxil olması nəticəsində hava şəraitinin kəskin dəyişməsi mümkün ola bilər.

Süleymanov deyib ki, Azərbaycanda hazırda müşahidə edilən yüksək temperaturlar əvvəlki illərdə də qeydə alınıb.

"1979-cu ildə belə hava olmuşdu. Bu, cənub-qərbdən axınların ölkə ərazisinə gəlməsi ilə bağlıdır. Ona görə də Arktik cərəyanlar ölkəyə daxil ola bilmirlər", - o, əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti