...

Rəsmi mövqe: İsmayıllı rayonunda ictimai-siyasi vəziyyət stabilləşib və təhlükə aradan qalxıb

Cəmiyyət Materials 24 Yanvar 2013 09:03 (UTC +04:00)
Hazırda İsmayıllı rayonunda ictimai-siyasi vəziyyət stabilləşib və təhlükə aradan qalxıb.
Rəsmi mövqe: İsmayıllı rayonunda ictimai-siyasi vəziyyət stabilləşib və təhlükə aradan qalxıb

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir İ.İzzət/

Hazırda İsmayıllı rayonunda ictimai-siyasi vəziyyət stabilləşib və təhlükə aradan qalxıb. Bunu Trend-ə İsmayıllı rayon icra başçısının birinci müavini Rəfael Əhmədov bildirib.

Onun sözlərinə görə, rayonun "Çıraq" hoteli qarşısında baş verən insident zamanı 3 nəfər xəsarət alıb. Onlardan biri vətəndaşların etiraz etdiyi "Çıraq" hotelinin administratoru, Bakı şəhər sakini 1982-ci il təvəllüdlü Şəmsəddinov Emil Məhərrəm oğludur.

Əhmədov onu da bildirib ki, etiraz aksiyasına səbəb Şəmsəddinov Emilin sərxoş vəziyyətdə avtomobili idarə edərkən törətdiyi yol qəzası olub. Belə ki o, avtomobilini əvvəlcə yolun kənarındakı səkiyə, sonra isə işıq dirəyinə çırpıb.

Hadisə zamanı yolun kənarında duran rayon sakinləri ilə Emil Şəmsəddinov və onun dostu arasında mübahisə yaranıb. Onlar rayon sakinlərini təhqir etdiyinə görə rayonun bir qrup sakini toplaşaraq "Çıraq" hoteli qarşısında etiraz aksiyası keçiriblər.

Aksiya zamanı 3 avtomobil, o cümlədən İsmayıllı rayon icra başçısı Nizami Ələkbərovun evinin həyətindəki təsərrüfat tikililəri və həyətdə olan bir avtomobil yandırılıb.

İcra başçısının müavini bildirib ki, Ələkbərovun həyətində yandırılan avtomobil nə icra başçısının, nə də rayon İcra Hakimiyyətinin balansında olub.

Əhmədov İsmayıllı rayonunun icra başçısının rayonu tərk etməsi barədə məlumatı təkzib edib və vəzifə başında olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti