...

Azərbaycan tarixçiləri Əkrəm Əylislinin "Daş yuxular" romanına narazılıqlarını bildiriblər (ƏLAVƏ OLUNUB 2)

Cəmiyyət Materials 6 Fevral 2013 10:59 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix institutunun genişləndirilmiş elmi şurasının Əkrəm Əylislinin "Daş yuxular" romanında bəhs etdiyi tarixi məsələlərin müzakirəsinə həsr olunan iclası keçirilir.
Azərbaycan tarixçiləri Əkrəm Əylislinin "Daş yuxular" romanına narazılıqlarını bildiriblər (ƏLAVƏ OLUNUB 2)

Təfərrüatlar əlavə olunub (İlk xəbər 10:25-də yayılıb)

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun genişləndirilmiş Elmi Şurasının Əkrəm Əylislinin "Daş yuxular" romanında bəhs etdiyi tarixi məsələlərin müzakirəsinə həsr olunan iclası keçirilir.

Trend-in məlumatına görə, AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov iclasda bildirib ki, Azərbaycan tarixçiləri bu əsərdən çox narazıdır.

"Lakin biz bu əsəri diqqətlə oxuyub, ordakı faktları tarixi sənədlərlə tutuşdurandan sonra münasibət bildirmək qərarına gəldik", - o deyib.

O qeyd edib ki, bu əsərin məhz indi dərc olunmasının səbəbləri var.

"Azərbaycan bu gün müharibə vəziyyətindədir. Eyni zamanda sürətlə inkişaf etmək istəyən Azərbaycanın qarşısını almaq istəyən xairici qüvvələr var. Ölkənin müharibə şəraitində olan dövründə belə bir romanın Rusiyanın "Drujba narodov" jurnalında dərc olunması ermənilərin işğal etdikləri torpaqların onlarda qalması ilə barışmaq niyyətini ortaya qoyur", - o deyib.

Tarix İnstitutunun direktoru deyib ki, əsərin yazılmasının tarixi şəraiti də var.

"Erməni təcavüzkarları 2015-ci il qondarma "erməni soyqırımının" 100 illiyinə ciddi hazırlaşırlar, bütün qüvvələrini işə salıblar. Bu hazırlıq işinin getdiyi şəraitdə "Daş yuxular" romanı yazılıb. Azərbaycanın ali ordeni ilə təltif olunmuş bir yazıçının "Daş yuxuları" yazılmasına mən bu gün də inana bilmirəm. Qan təyziqimin enib qalxmasına baxmayaraq bir neçə dəfə bu əsəri oxumuşam", - o deyib.

Mahmudov bildirib ki, bu bədii əsər deyil, siyasiləşdirmək cəhdi olan əsərdir.

"Əkrəm Əylislinin "yuxuları" Azərbaycan xalqı üçün xəyanətdir",- Mahmudov deyib.

Mahmudov qeyd edib ki, Əkrəm Əylisli öz yuxularında bütün azərbaycanlıların prototiplərini qəddar, şikəst və qeyri-etik sözlərlə təhqir edir, erməniləri isə mədəni, qəhrəmanlaşdırılmış formada verir.

"Bu əsərdə yazılan birinci "yuxunun" mənası soyqırımın ermənilərin deyil, məhz türklər tərəfindən törədilməsidir. Əsərdə iddia edilir ki, Əylis ermənilərdən ötrü Məkkə, Mədinədir və ermənilərə çağırış edir ki, Əylisə sahib dursunlar, çünki guya erməni əlifbası məhz Əylisdə yaranıb. Əkrəm "yuxuda" görür ki, Əylis kiçik Parisdir və indi sönüb. Əkrəmin romanındakı erməni qəhrəmanı Anis Əylisdə ucadan mahnı oxuyur ki, ermənilər nə vaxtsa həmin torpağa qayıdacaq və məhz həmin vaxt ora cənnətə çevriləcək", - Mahmudov deyib.

İnstitut direktoru müəllifin görmədiyi və ya görmək istəmədiyi yuxulardan bəhs edib.

"Əkrəm Əylislinin görmədiyi yuxu odur ki, necə oldu ki, onun "yeraz dəstələri" adlandırdığı insanlar Bakıya gəldi. O görmür ki, onlar tarixi İrəvan torpaqlarından qovulanlar, soyqırıma uğrayanların övladlarıdır. Müəllif "yuxularında" erməni cəlladlarının törətdiyi soyqırımları, Azərbaycanda Şəhidlər Xiyabanını görmür, Dağlıq Qarabağ münaqişəsini, işğal olunan torpaqları, Şuşanı, Xocalını görmür", - Mahmudov deyib.

Tarix elmləri namizədi İsrafil Məmmədov Əkrəm Əylislinin bu əsərinin tək başına yazmadığını qeyd edib. Məmmədov xatirələrini danışaraq Əkrəm Əylislinin ona hələ 1968-ci ildə erməni Hrantla görüşdüyünü bildirərək, onun Hrantın əsərlərini tərcümə etdiyi bildirib.

O vurğulayıb ki, Əkrəm Əylisli bütün aldığı mükafatlardan məhrum edilməli və məsuliyyətə cəlb edilməlidir.

Millət vəkili, tarixçi Fəzail İbrahimli iclasda bildirib ki, bu əsərə təsadüfi bir hadisə kimi baxmaq olmaz. Bu, uzun illər formalaşmış bir əqidənin ortaya qoyulmasıdır.

"Müxtəlif peşə sahiblərinin xəyanətini biz görmüşük. Lakin şairlər, yazıçılar millətinin ruhunun daşıyıcısı olub, heç vaxt xalqına xəyanət etməyib. Əgər bu əsəri yazmaq onun daxilindən, ruhundan gəlirsə problem olun genetik kodundadır", - İbrahimli deyib.

Millət vəkili deyib ki, Əkrəmin düşüncəsinə görə bu əsərə görə Nobel mükafatı almaq istəyirsə o baş tutmayacaq, çünki bu mükafat milli təəsübkeşliyinə görə verilir, xəyanətə görə deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti