...

Azərbaycanda milli musiqi sədaları altında at şouları göstəriləcək

Cəmiyyət Materials 9 Fevral 2013 13:33 (UTC +04:00)
Azərbaycan Atçılıq Federasiyasının (ARAF) 2012-ci ilin yekunlarına həsr olunmuş hesabat konfransı keçirilib.
Azərbaycanda milli musiqi sədaları altında at şouları göstəriləcək

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir İ.İzzət/

Azərbaycan Atçılıq Federasiyasının (ARAF) 2012-ci ilin yekunlarına həsr olunmuş hesabat konfransı keçirilib.

Trend-in məlumatına görə, Azərbaycan Atçılıq Federasiyasının baş katibi Bəhruz Nəbiyev bildirib ki, 2012-ci ildə Azərbaycanda atçılıq sahəsi inkişaf edib, ölkədə keçirilən yarışların sayı artıb.

Onun sözlərinə görə, 2011-ci illə müqayisədə ötən il Azərbaycanda daha 8 beynəlxalq və 5 yerli yarış artıq keçirilib. Bu yarışlara ilk dəfə olaraq İrandan da atlar gətirilib.

Baş katib bildirib ki, hesabat ilində Azərbaycanda atçılığın konkur növü üzrə keçirilən yarışlara 400 min manat xərclənib. Bu növ üzrə 8 beynəlxalq turnir keçirilib. Bu turnirlərdə 24 yerli, 19 əcnəbi idmançı birincilik əldə edib.

O, qeyd edib ki, 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil olunacaq Olimpiya Oyunlarında iştirak etmək üçün Azərbaycan milli komandasının tərkibi də müəyyənləşib. Həmin tərkibdə yer alan idmançılar hazırda bir sıra Avropa ölkələrində təlim-məşq toplanışları keçirlər.

Nəbiyev, həmçinin ötən il atçılığın cıdır növü üzrə də bir sıra yarışlar keçirildiyini və bu yarışlara 149 min manat vəsait xərcləndiyini deyib.

Atlar üzərində DNT analizlərinin aparıldığını deyən baş katib bildirib ki, ümumilikdə 255 at üzərində genetik təhlil aparılıb. Təhlillər zamanı hazırda 135 atın qanının təmiz olduğu müəyyənləşib, lakin bu rəqəmin daha da artacağı gözlənilir.

Onun sözlərinə görə, bu ildən Azərbaycanda atlara pasportlar veriləcək. Artıq pasportlar təsdiq edilmək üçün Beynəlxalq Atçılıq Federasiyasına göndərilib.

Bundan əlavə, o, Azərbaycanda süvari atların da hazılandığını bildirib. "Süvari atların iştirakı ilə Azərbaycan milli musiqilərinin sədaları altında şoular göstərilməsi nəzərdə tutulur",- Nəbiyev deyib.

Həmçinin, Azərbaycanın nadir Qarabağ cinsli atlarının inkişaf etdirilməsi üçün artıq müəyyən işlər görülüb. Baş katibin sözlərinə görə, onların qorunması, eləcə də bu cinsdən olan atların sayının artırılması istimqamətində müəyyən uğurlar əldə edilib.

Konfransın sonunda ARAF-ın prezidenti, Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyev 2012-ci ilin hesabat məruzəsini qəbul etdiyini deyib.

Quliyevin sözlərinə görə, 2009-cu ildə Azərbaycan təkcə konkur at yarışları keçirilirdisə, indi artıq çövkən, cıdır, süvarilər və digər idman növləri üzrə də yarışlar keçirilir.

Federasiya prezidenti həmçinin bildirib ki, atçılıq sahəsinin inkişafı üçün nəzərdə tutulan yeni kompleksin inşası bu ilin aprel ayının sonunda başa çatdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti