...

Ombudsman əmək hüquqlarının pozulmasının qarşısını almaq üçün bir sıra təkliflər verib

Cəmiyyət Materials 13 Fevral 2013 17:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir İ.İzzət/

Bir çox sahibkarlar tərəfindən əmək qanunvericiliyinin tələblərinə əməl edilməməsi, işçilərin işə qəbulu qaydalarının pozulması onların haqlı narazılığına səbəb olur. Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu fikirləri insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova Ombudsman Aparatında Milli Məclisin deputatları, dövlət qurumları və QHT-lərin nümayəndələrinin iştirakı ilə keçirilmiş "Biznes və insan hüquqları: problemlər və həlli yolları" mövzusunda "dəyirmi masa"da səsləndirib.

Süleymanova qeyd edib ki, əmək hüquqlarının pozulması ilə bağlı onlara daxil olmuş müraciətlərin təhlili göstərir ki, bu sahədə əsas problemlər sahibkarlar tərəfindən işçilərin əmək müqaviləsi bağlanılmadan işə cəlb edilməsi, növbəti əmək məzuniyyətinə buraxılmaması, son haqq-hesabın, əmrin surətinin və əmək kitabçasının verilməməsi, həmçinin texniki təhlükəsizlik qaydalarına riayət edilməməsi, əməyin mühafizəsi şərtlərinin pozulması, istehsalat xəsarətinə görə ödənclərin ödənilməməsi və ya vaxtında verilməməsi məsələləri ilə əlaqədardır.

O, son illər biznesin insan hüquqları ilə bağlılığı məsələsinin bir çox beynəlxalq təşkilatlar üçün ciddi tədqiqat predmetinə çevrildiyini qeyd edib.

Müvəkkil ölkəmizdə aparılan islahatların davamlı inkişaf prosesinə təkan verdiyini, həyata keçirilmiş sosial-iqtisadi tədbirlərin bütün sahələrdə olduğu kimi, sahibkarlığın da inkişafına, bu sahədə qanunvericiliyin təkmilləşməsinə təkan verdiyini bildirib.

Ombudsman korporativ məsuliyyət məsələsinə diqqətin artırılmasını, sahibkarlar tərəfindən insan hüquqlarına hörmət və riayət olunmasının, bu sahədə işlənib hazırlanmış rəhbər prinsiplərin milli qanunvericiliyə implementasiyasının vacib olduğunu vurğulayıb. Müvəkkil bu sahədə tədbirlərin bir neçə istiqamətdə aparılmasının zəruriliyini bildirib.

Onun fikrincə, sahibkarların hüquqlarının effektiv reallaşdırılması, onlara fəaliyyətlərinin daha səmərəli təşkili üçün əlverişli şəraitin yaradılması məqsədi ilə beynəlxalq standart və prinsiplər nəzərə alınmaqla, bu sahədə qanunvericilik daha da təkmilləşdirilməlidir. Digər tərəfdən sahibkarların hüquqlarını məhdudlaşdırmadan onların fəaliyyətinə dövlət nəzarəti gücləndirilməli, tələb olunduğu hallarda sahibkarlardan insan hüquqlarına riayət olunması barədə məlumatlar alınmalı, bu sahədə aparılan maarifləndirmə işi genişləndirilməlidir.

Ombudsman bildirib ki, uşaqların erkən yaşlarından özəl müəssisələrdə, küçələrdə sağlamlığına və fiziki imkanlarına uyğun olmayan əməyə cəlb olunması onların vaxtından əvvəl uşaqlıqdan məhrum edilməsinə, əqli inkişafına, təhsilinə, bacarıq və istedadının inkişaf etdirilməsinə, hətta fiziki inkişafına mənfi təsir göstərir.

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə ombudsmanın insan hüquqları sahəsində fəaliyyətinin təqdirəlayiq olduğunu, keçirilən "dəyirmi masa"nın aktual mövzuya həsr edildiyini diqqətə çatdırıb.

Millət vəkili qeyd edib ki, biznes və insan hüquqları dedikdə sahibkarların işə götürdüyü insanların təkcə əmək təhlükəsizliyi deyil, eyni zamanda, onların əmək hüquqları ilə əlaqədar digər aspektlər də nəzərə alınmalıdır. Səmədzadə tikinti kompleksində məhsuldarlıq, səmərəlilik və məşğulluq problemlərinin aradan qaldırılması, sahibkarların sosial məsuliyyətinə diqqətin artırılması, istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində tədbirlərin gücləndirilməsini təklif edib.

Milli Məclisin deputatı Fazil Mustafa ölkəmizdə sahibkarlığın inkişafına mühüm əhəmiyyət verildiyini vurğulayıb. O, müvəkkil tərəfindən müvafiq qanun layihələrinə rəylərin verilməsini, qeyd olunan sahəyə QHT-lərin cəlb olunmasını məqsədəuyğun hesab edib.

Azərbaycan Vergilər Nazirliyinin müşaviri Ələkbər Məmmədov nazirlikdə yaradılmış Vergi Apellyasiya Şurasının vergi mübahisələrinin məhkəməyədək həllində böyük rol oynadığını söyləyib. O, "Vergi dostları layihəsi"nin tətbiqi, maarifləndirmə və məlumatlandırma sahəsində sahibkarların ictimai təşkilatlarla əməkdaşlığı layihəsinin həyata keçirildiyi, elektron xidmətlərin dairəsinin genişləndirilməsi kimi tədbirlərin müsbət nəticələr verdiyi vurğulayıb.

İnsan hüquqları üzrə müvəkkil isə sözügedən sahə ilə bağlı beynəlxalq sənədlərin implementasiyası və milli qanunvericiliyin təkmilləşdirilməsi, birgə işçi qrupunun yaradılması, davamlı maarifləndirmə işinin aparılması, korporativ-sosial proqramın hazırlanması, sahibkarlıq fəaliyyətinə nəzarəti həyata keçirən dövlət orqanları ilə əməkdaşlığın daha da möhkəmləndirilməsi, sahibkarlıq fəaliyyətinin inkişafında yeni istiqamətlərin müəyyən olunması və bu sahədə dövlət nəzarətinin gücləndirilməsi, insan hüquqlarına hörmət və riayət edilməsi ilə bağlı sahibkarların məsuliyyətinin artırılması, uşaqların erkən yaşlarından fiziki imkanlarına uyğun olmayan əməyə cəlb olunmasının yolverilməzliyi, sahibkarlar tərəfindən fəaliyyətlərinin həyata keçirilməsi zamanı ekoloji məsələlərə "ehtiyatlılıq" prinsipinə əsaslanmaqla yanaşılması, ətraf mühitin vəziyyətinə görə məsuliyyətin gücləndirilməsi, ekoloji cəhətdən təhlükəsiz texnologiyaların tətbiqinin inkişafına səy göstərilməsi məqsədilə ombudsman təsisatında fəaliyyət göstərən Ekspertlər Şurasının tərkibində qeyd olunan istiqamət üzrə işçi qrupunun yaradılmasını təklif edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti